date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2014-01-13
6,326
Hansı restoran Köhnə Yeni il tədbiri keçirir?
Bu gün yanvarın 13-ü Köhnə Yeni il günüdür. Bununla bağlı hansı restoranlarda şou-proqram keçiriləcəyi barədə maraqlandıq. Aydın oldu ki, restoranların bəziləri Köhnə Yeni ilə aid şou-proqram tərtib edib, bəziləri isə bu günə aid xüsusi proqram hazırlamayıb. Bizdə onsuz da hər gün şou-proqram olur Əvvəlcə "Ay işığı" şadlıq sarayı ilə əlaqə saxladıq. Burdan bildirdilər ki, bu gün üçün xüsusi bir proqram nəzərdə tutulmayıb, hər gün necədirsə, bu gün də elə olacaq: "Bizdə onsuz da hər gün şou-proqramlar olur, bu gün xüsusi gün kimi qeyd olunmur. Şou-proqramın aparıcısı da Kamran Həsənlidir. Üstəlik şou-proqramlarımız məşhur müğənnilərin çıxışıyla keçirilir". Təmir işləri gedir Daha sonra paytaxtımızın növbəti sayılıb-seçilən şadlıq sarayı "Sarı gəlin" ilə əlaqə yaratdıq. Burda isə ümumiyyətlə heç bir konsert proqramı keçirilməyəcək, səbəbi isə şadlıq sarayının təmirdə olmasıdır: "Yox, keçirilməyəcək. Çünki şadlıq sarayında təmir işləri gedir və yalnız mart ayında açılacağı nəzərdə tutulub". "Hollivud" və "Meridian" şadlıq saraylarında isə bu gün xüsusi şou-proqram olmayacağı bildirildi. "Xəmsə" şadlıq sarayının əməkdaşı bu gün Köhnə Yeni ili məşhur müğənnilərin iştirakı ilə qeyd ediləcəyini vurğuladı: "Bəli, şou-proqram var. Proqram saat 8-dən 12-yə kimi davam eləyəcək. Günay İbrahimli, Aslan, Elariz Məmmədoğlu kimi müğənnilər iştirak edəcək, digərləri ilə də danışıqlar aparılır. Proqramın ödənişi adambaşına 6 manatdır". Saat 8-dən sonra Sonda "Neolit" şadlıq sarayına zəng vurduq. Onlar da bu günü qeyd edəcəklərini söylədilər: "Bəli, qeyd olunacaq. Proqram saat 8-dən sonra başlayacaq. Məşhur müğənnilərin iştirak etməsi nəzərdə tutulub".
2014-01-13
6,327
Əsədin çəllək bombardmanı anbaan – Video
Suriyanın Dəra şəhərində həvəskar bir kamera tərəfindən bir məhəllənin çəllək bombası ilə vurulması görüntülənib. "Axar.az" xəbər verir ki, Dəra şəhərində bir məhəllə Əsəd rejiminin Hava Qüvvələrinin qırıcıları tərəfindən bombalanıb. İki ədəd çəllək bombasından (barel bombs) istifadə olunan hücum həvəskar kamera ilə saniyə-saniyə görüntülənib. Hücum zamanı video çəkən şəxs də yüngül xəsarət alıb.
2014-01-13
6,328
Azərbaycanda "ADA" Universiteti yaradılır
Azərbaycan Prezidenti İlham Əliyev "ADA" Universitetinin yaradılması haqqında sərəncam imzalayıb. "Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və İnformasiya Texnologiyaları Universitetinin əsasında, ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını, ali və əlavə təhsil prоqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən "ADA" Universiteti yaradılsın. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamın 1-ci hissəsi ilə yaradılmış "ADA" Universitetinin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. "ADA" Universitetinin fəaliyyətinin maliyyələşdirilməsi və texniki təminatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
2014-01-13
6,329
Ramiz Əskərov "Şöhrət" ordeni ilə təltif edildi
İlham Əliyev Ramiz Əskərovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. "Axar.az"ın Prezidentin rəsmi saytına istinadən xəbərinə görə, sərəncamda qeyd olunur: "Azərbaycan Respublikasında səmərəli elmi və ədəbi-publisistik fəaliyyətinə görə Ramiz Baxşəli oğlu Əskərov "Şöhrət" ordeni ilə təltif edilsin".
2014-01-13
6,330
Yadigar Sadıqov 6 il azadlıqdan məhrum edildi
Bu gün Lənkəran Rayon Məhkəməsində Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. "Axar.az" APA-ya istinadən xəbər verir ki, hakim Elçin Kazımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Xalid Bağırov məhkəmədən Yadigar Sadıqova bəraət istəyib. Daha sonra son söz demək üçün söz Yadigar Sadıqova verilib. O, özünü təqsirli bilmədiyini deyib. Məhkəmə müşavirəyə gedib. Müşavirədən qayıdan məhkəmə Yadigar Sadıqovun 6 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Yadigar Sadıqovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini, cəzasını ümumi rejimli müəssisədə çəkməsini istəmişdi. Qeyd edək ki, Yadigar Sadıqov ötən il iyunun 27-də Lənkəran şəhər sakini, 2-ci qrup Qarabağ əlili Rəşid Kərimovun şikayəti əsasında Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanıb. Rəşid Kərimov iyunun 25-də Lənkəranın Cavanşir küçəsindəki çayxananın qarşısından keçərkən Yadigar Sadıqovun iki nəfərlə birgə onu döydüyünü bildirib.
2014-01-13
6,331
Əli Həsənovun Türkiyədə yeni kitabı nəşr olundu
Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun Türkiyədə yeni kitabı nəşr olunub. Türkiyənin "Ötüken" nəşriyyatı Əli Həsənovun "Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasəti" adlı monoqrafiyasını çapdan buraxıb. Türkiyə oxucularına təqdim olunan bu tədqiqat əsəri mötəbər mənbələrdən götürülüb və böyük bir hissəsi elmi dövriyyəyə ilk dəfə buraxılmış zəngin yerli və xarici materiallardan, elmi əsərlərdən və internet resurslarından istifadə edilməklə ərsəyə gəlib. Monoqrafiyada dövlət müstəqilliyinin bərpa edilməsindən sonrakı iyirmi il ərzində Azərbaycanda milli inkişaf və təhlükəsizlik sahəsində həyata keçirilən siyasət elmi-nəzəri cəhətdən dərindən araşdırılıb. Kitabda Azərbaycanın milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları, məqsəd və vəzifələri, başlıca istiqamətləri və mexanizmləri sistemli şəkildə tədqiq olunur, ictimai-siyasi, sosial-iqtisadi, hərbi-sərhəd, nəqliyyat-tranzit, ərzaq, informasiya, ekologiya və s. sahələrdə həyata keçirilən təhlükəsizlik fəaliyyətinin geniş politoloji təhlili aparılır. Əsərdə ölkənin milli, regional və beynəlxalq təhlükəsizlik sahəsində yürütdüyü siyasətin, bu istiqamətdə həyata keçirilən tədbirlərin, daxili və xarici fəaliyyətin elmi-nəzəri aspektləri tədqiq edilir, milli təhlükəsizlik strategiyasının formalaşması, həyata keçirilməsi, praktiki nəticələri və səmərəlilik dərəcəsi geosiyasi parametrlər əsasında qiymətləndirilir. Müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun milli təhlükəsizliyə təsiri məsələsinə də xüsusi diqqət yetirib. Bu əsər professor Əli Həsənovun Türkiyədə nəşr olunan sayca ikinci kitabıdır. Bundan əvvəl onun "Geopolitika" adlı monoqrafiyası qardaş ölkənin oxucularına təqdim olunub. ("AzNews.az")
2014-01-13
6,332
Erməni əsgəri vəhşicəsinə döyüldü
Yanvarın 13-nə keçən gecə Ermənistanın N saylı hərbi hissəsinin 18 yaşlı əsgəri Mqer Xlqatyan ağır və huşsuz vəziyyətdə Yerevan hərbi hospitalına çatdırılıb. Xəstəxanaya toplaşan əsgərin qohum və dostları bildiriblər ki, onu hərbi hissədə vəhşicəsinə döyüblər. Belə ki, əsgərin bədənində xeyli sayda zorakılıq əlamətləri var. M.Xlqatyan 2013-cü il dekabrın 18-də hərbi xidmətə çağrılıb. (Trend)
2014-01-13
6,333
Göyçayda üç yaşayış evi yandı
Göyçay şəhərində bir-birinə bitişik 3 yaşayış evində yanğın baş verib. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, ümumi sahəsi 80 kv.m olan 2 otaqlı evin 1 otağı 20 kv.m, çardağı 30 kv.m və digər vətəndaşa məxsus ümumi sahəsi 136 kv.m olan 4 otaqlı evin çardağı 10 kv.m (ümumi 60 kv.m) sahədə yanıb. Evlərin qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 16:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-01-13
6,334
Abdullah Gül müxalifət lideri ilə görüşdü
Türkiyə prezidenti Abdullah Gül müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CXP) lideri Kamal Kılıçdaroğlunu qəbul edib. Görüş barədə danışan CXP sədri bildirib ki, siyasi məsələlər, ölkə gündəmi ilə bağlı ciddi müzakirələr aparılıb. Onun sözlərinə görə, CXP olaraq Abdullah Gülə iki şərt irəli sürülüb: "Birincisi HSYK təklifinin geri götürülməsini prezidentlə müzakirə etdik. Digər tərəfdən isə onu da vurğuladım ki, Türkiyə hökuməti rüşvət və korrupsiya əməliyyatları ilə bağlı hüquq-mühafizə orqanlarının işinə müdaxilə etməsin". ("Modern.az")
2014-01-13
6,335
Sumqayıtda sakinlərin tələbləri yerinə yetirildi - Video
Sumqayıt şəhər 11-ci mikrarayon Çerkatski küçəsində yaşayan sakinləri narahat edən əsas məsələ bir neçə ay bundan əvvəl sakinlər tərəfindən əkilən ağacların kəsilərək, yerində obyektlərin tikilməsidir. Şikayətçilərin söylədiklərinə görə, əvvəl onlara İcra Hakimiyyəti tərəfindən kəsilən ağacların yerində park salınacagı bildirilib. Lakin sonradan sakinlər bir gecənin içərisində obyektlərin tikilməsinin şahidi olublar. Məsələ ilə əlaqədar müvafiq orqanlara müraciət etsələr də hələki onların şikayətinə baxan olmayıb. Sakinləri narahat edən digər bir məsələ isə tikilən obyektlərin qapılarının onların binalarına tərəf açılmasıdır. Binanın həyətinin illərdir təmir olunmaması da sakinləri narahat etməyə bilməz. Şikayətçilər deyir ki, uşaqların oynaması üçün binanın həyətində heç bir şərait yaradılmayıb. Dəfələrlə öz hesablarına binalarını təmir etdirsələr də xeyri olmayıb. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Tariyel Hacıyev də hadisə yerinə gəlib. Məsələyə aydınlıq gətirən Tariyel Haciyev bildirdi ki, sakinlərə həmin yerdə park salınması ilə bağlı heç bir söz deyilməyib. Binanın həyətindəki təmir məsələsinə gəldikdə isə Tariyel Hacıyev bu ilin sonuna qədər sözügedən ərazidə təmir işlərinə başlanacağını bildirdi. Sonda isə İcra Hakimiyyəti başçısının müavini ilə sakinlər razılığa gəldilər ki, tikilən obyektlərin qapısı sakinlərin binaları tərəfə deyil, əks tərəfə açılacaq. (ANS) Xatırladaq ki, bir neçə gün öncə xəbər verdiyimiz kimi, Sumqayıt sakinləri İcra Hakimiyyəti tərəfindən aldadıqlarını iddia edərək etiraz aksiyası keçirmişdilər.
2014-01-13
6,336
Komaya düşən qadının bacısı danışdı
Dekabrın 18-də 3 saylı klinik xəstəxanada qeysəriyyə əməliyyatı zamanı komaya düşən Günay Lalayevanın bacısı Elza Lalayeva bu olayla bağlı yeni faktlar açıqladı. Elza Lalayeva bildirdi ki, Sabunçuda yerləşən 3 saylı klinik xəstəxanasının ginekoloqu Seymur Ələkbərovun dediklərinin əksinə olaraq onun bacısı dekabrın 18-də deyil, dekabrın 13-də xəstəxanaya sağlam şəkildə qəbul edilib. Elza Lalayeva əlavə etdi ki, dekabrın 26-da Mərkəzi Tibbi Xəstəxanaya yerləşdirilən bacısı hazırda koma vəziyyətindədir və o, süni nəfəs aparatına qoşulub. Elza Lalayeva bacısının qeysəriyyə əməliyyatı zamanı komaya düşməsində 3 saylı klinik xəstəxanasının həkimlərini günahlandırır. Xatırladaq ki, Günay Lalayeva dekabrın 18-də 3 saylı xəstəxanada 2 qız uşağını qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib. Qeyd edək ki, Günay Lalayevanı qeysəriyyə edən 3 saylı klinik xəstəxanasının ginekoloqu Seymur Ələkbərov deyib ki, xəstə dekabrın 18-də qəbul olunarkən onun vəziyyəti ağır olub. "Müəyyən etdik ki, ağ ciyərlərinə su yığılıb. Sonradan onu Mərkəzi Tibbi Xəstəxanaya göndərdik. Orada xəstəni əməliyyat etdilər. Həkimlər bildiriblər ki, onun uşaqlığında problem olub. Ona görə uşaqlığı çıxarılıb. Lakin qadının halı yaxşılaşmayıb. Ciyərlərinə və qarnına yenidən su yığılıb", - deyə Seymur Ələkbərov bildirib. Elza Lalayeva "onun bacısının uşaqlığında guya problem olub" fikrinə də öz etirazını bildirərək qeyd etdi ki, əkiz uşaq doğan qadının uşaqlığında problem ola bilməz. Sadəcə olaraq əməliyyat düzgün aparılmadığından Günayın bədəni zəhərlənib və onun uşaqlığında çürümə başlayıb.
2014-01-13
6,337
Qarabağ məsələsi İsveçrədə müzakirə edilir
Bu gün İsveçrənin paytaxtı Berndə ATƏT-in Minsk Qrupunun həmsədrləri – İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlikin (ABŞ) ATƏT-in yeni sədri, İsveçrənin xarici işlər naziri Didye Burkxalterlə görüşüblər. Görüşdə Dağlıq Qarabağ probleminin dinc yolla həlli prosesi müzakirə edilib. Məsləhətləşmələr sabah da davam etdiriləcək. "Onların konfliktlərin həllində təcrübəsi Qafqaza kömək edəcək" - bunu özünün "Twitter"dəki mikrobloqunda Uorlik yazıb. Qeyd edək ki, İsveçrə həqiqətən konfliktli situasiyalar, o cümlədən türk-yunan, türk-erməni münasibətlərinin qaydaya salınmasında mühüm təşəbbüslərin müəllifi kimi tanınır. Türkiyə ilə Ermənistan arasında Sürix protokolları da məhz İsveçrədə imzalanıb. ("Musavat.com")
2014-01-13
6,338
Azərbaycan Ali Hərbi Məktəbinin sabiq rəisi həbs edildi
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) keçmiş rəisi həbs edilib. "Axar.az"ın APA-ya istinadən xəbərinə görə, bu barədə məlumat Bakı Hərbi Məhkəməsindən bildirilib. Məlumata görə, polkovnik Mirzəli Yusifov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, M. Yusifov əvvəllər Müdafiə Nazirliyinin 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub. Daha sonra AAHM-ə qərargah rəisi təyin edilən M. Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini də icra edib. Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra M. Yusifov vəzifədən uzaqlaşdırılıb. "Axar.az"dan: Xatırladaq ki, bu gün "Axar.az" olaraq hәrbi ekspert Üzeyir Cәfәrova istinadәn verdiyimiz bir xәbәrdә bu haqda bildirmişdik. Xәbәrdә deyilirdi: "Әldə etdiyimiz son məlumatlardan biri də bu yaxınlara qədər MN sistemində general vəzifəsində olmuş polkovnik rütbəli bir vəzifəli şəxsin rüşvət alma ittihamı ilə həbs edilməsi xəbəridir ki, MN özü bu məsələyə gün ərzində aydınlıq gətirsə, yaxşı olar".
2014-01-13
6,340
Cəsədlərin arasından xəbər verdi – Video
Suriya Dövlət Televiziyasının müxbiri bombardmandan sonra bölgəyə gedərək yerdəki cəsəd və yaralıların arasından xəbər verib. "Axar.az" xəbər verir ki, ölkədəki faciəni yayımlamaq əvəzinə suriyalılara dərman və qida aparmaqla ölkəni güllük-gülüstanlıq göstərməyə çalışan Suriya Televiziyası bu dəfə bir jurnalistika, hətta insanlıq adına bir utanca imza atıb.
2014-01-13
6,341
Bakıda yaşayış evi yandı
Bakı şəhərində yaşayış evində yanğın baş verib. "Axar.az"ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, Bakı şəhəri, Abşeron rayonunda ümumi sahəsi 100 kv.m olan tikintisi başa çatmamış birmərtəbəli 3 otaqlı evin 1 otağı və dam örtüyünün yanar konstruksiyaları 60 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-01-13
6,342
Leyla Əliyeva BMT-nin mənzil-qərargahında olub
Yanvarın 13-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) Keniyanın paytaxtı Nayrobidəki mənzil-qərargahında olub. Leyla Əliyevaya UNEP-in fəaliyyəti barədə məlumat verildi. Bildirildi ki, 1972-ci ildə BMT Baş Məclisinin qətnaməsi əsasında yaradılan bu proqramın məqsədi indiki və gələcək nəsillər üçün ətraf mühiti və təbiəti qorumaq və bu istiqamətdə tədbirləri əlaqələndirməkdir. Müxtəlif ölkələrdə altı böyük regional ofisi fəaliyyət göstərən UNEP Qlobal Ekoloji Fondun həmtəsisçilərindəndir və onun himayəsi altında hər il dünyada Beynəlxalq Ətraf Mühit Günü qeyd edilir. Sonra Leyla Əliyevanın BMT baş katibinin müavini, UNEP-in icraçı direktoru Axim Ştayner ilə görüşü oldu. IDEA-nın ətraf mühitin qorunması istiqamətində gördüyü işlərdən xəbərdar olduğunu və bunu yüksək qiymətləndirdiyini deyən BMT rəsmisi bildirdi ki, rəhbərlik etdiyi təşkilat Azərbaycan hökuməti, qeyri-hökumət təşkilatları və bu məsələdə maraqlı olan tərəflər ilə sıx əməkdaşlıqda maraqlıdır. Axim Ştayner UNEP-in ekoloji sahədə bir çox irimiqyaslı layihələr həyata keçirdiyini dedi, bu məsələdə müxtəlif qrup insanlar, o cümlədən gənclərlə qarşılıqlı fəaliyyəti genişləndirməyin vacibliyini diqqətə çatdırdı. Leyla Əliyeva Heydər Əliyev Fondunun ölkəmizdə və xaricdə reallaşdırdığı layihələr barədə məlumat verdi. Azərbaycanda dövlət tərəfindən həyata keçirilən ekoloji siyasətdən bəhs edən Leyla Əliyeva 2011-ci ildə başladılan IDEA kampaniyası çərçivəsində görülən işlərdən danışdı, müxtəlif ölkələrdən olan gənclərin bir araya gələrək ətraf mühitin qorunması ilə bağlı layihələr hazırladığını bildirdi. "Bu kampaniya ətraf mühitin müsbət və dayanıqlı inkişafını təmin etmək məqsədilə gənc nəsil üçün vacib olan dialoq, fəaliyyət, liderlik və məlumatlılıq prinsiplərinə əsaslanır", - deyən Leyla Əliyeva Azərbaycan hökuməti, IDEA və UNEP-in 2012-ci ilin noyabrında Bakıda keçirdiyi "Yaşıl həftə" tədbirinin əhəmiyyətini vurğuladı və BMT baş katibinin müavinini Bakıya səfərə dəvət etdi. Görüşdən sonra rəhbərlik etdiyi IDEA kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərdən və gələcək planlardan danışan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dedi: - IDEA ətraf mühitin qorunması üzrə beynəlxalq təşəbbüsdür. Biz Qafqazın ən böyük təşkilatıyıq və gənclərlə işləyirik. İki il ərzində biz bir çox layihələrə imza atmışıq. Bunlardan biri Azərbaycanda üç milyon ağacın əkilməsi olub ki, bu da ölkəmizdə yaşayan üç milyon gənci ehtiva edir. Bizim digər beynəlxalq layihəmiz fotoqraf Reza Diqqəti ilə birlikdə təşkil etdiyimiz "Dünya uşaqların gözü ilə" layihəsi idi. Bu layihədə 98 ölkədən 1200 uşaq iştirak etdi. Məlumatlılığı artırmaq üçün əlbəttə ki, ən mühüm məsələ təhsildir. Artıq bizim təşkilat universitetlərdə ətraf mühitlə bağlı təlimlər aparmaqdadır. Ölkəmizdə məktəblər üçün ətraf mühit dərslikləri üzərində çalışırıq. Fikrimcə, dünya miqyasında məlumatlılığı artırmaq vacibdir. Gənclərlə işləməyin ən maraqlı tərəfi odur ki, onları bir az həvəsləndirdikdə çox fəallaşırlar və artıq özləri başqalarını həvəsləndirməyə can atırlar. Fikrimcə, indi daha çox gənc ətraf mühit layihələrində iştirak edir. Leyla Əliyeva dünyada, o cümlədən Qafqazda nəsli kəsilməkdə olan heyvanların qorunması ilə bağlı bir neçə layihənin həyata keçirildiyini, bu sahədə Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi, Rusiyanın Ümumdünya Vəhşi Təbiət Fondu və digər təşkilatlarla birgə tədbirlərin həyata keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırdı. (Trend)
2014-01-13
6,343
Goranboyda məktəb direktorunu maşın vurdu
Bakı-Qazax magistralında piyadanı maşın vurub. "Axar.az"ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 19:00 radələrində Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Azad kəndi ərazisindən keçən hissəsində baş verib. Magistral yolu keçmək istəyən, Goranboy rayonun Azad kənd sakini, kənd orta məktəbin direktoru, 1954-cü il təvəllüdlü Salman Abbasovu naməlum avtomobil vuraraq hadisə yerindən qaçıb. S. Abbasov ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirirlər. Faktla bağlı Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. Hadisə yerindən qaçan sürücünün tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.
2014-01-13
6,344
Mixail Bulqakov: "Dirilik suyu" - İlk dәfә
Mixail Bulqakov Dirilik suyu (Hekayə) Qar yorğanına bürünmüş Quru Qanov stansiyası tənbəl-tənbəl mürgüləyirdi. Sükutu hərdən-bir parovozların ölüvay fiti pozurdu. Qısası, dəmir yol qəsəbəsində donuq və həzin qış günü vaxtını ötürməkdəydi. Necə deyərlər, burda gözlə görünən hər şey rahatlığın qədrini bilərək şirin yuxudaydı... Məhz elə bu zaman sirli şəkildə çadıra sarınmış miskin araba oğrun-oğrun dəmir yol dükanına yaxınlaşdı. Çadırın üstündə əyninə kürk geyinmiş biri oturmuşdu. O, dükana yaxınlaşaraq müəmmalı-müəmmalı göz vurdu. Qapının ağzında əsnəməkdən ağzı aralı qalmış iki nəfəri anındaca sanki cin vurdu. Birincisi əlini cəld cibinə atdı, gümüş cingiltisi ətrafa yayıldı. İkincisi sevincindən çırtıq çalıb xırıldadı: - Vanka, altmış iki manat verməsən, it oğlusan!.. - İtil cəhənnəmə! – Vanka dükanın qapısını açıb, içəridə gözdən itdi. Yükü gətirən şəxs qəhqəhə çəkdi: - Nədi, darıxmısınız? Dükandan çirkli örtüklü birisi çıxıb uladı: - Lənət şeytana, lənətə gələsən, əsas küçəylə gəlmisən? Bostanların içiylə gələ bilmirdin? - Bostanlarla... Orda qar adamın təpəsinə çıxır, - kürklü şəxs gözünü yumub ağzını açdı. Elə həmin vaxt hardansa əlində boş içki şüşələri, başıaçıq bir vətəndaş peyda oldu. O, sevincək "Bir nömrə - urra!!!" çığıraraq, qapının ağzındakı önlüklü ikinci vətəndaşa tuş gəldi. Önlüklü bağırdı: - Görüm, səni cəhənəmə vasil olasan! Gözün ayağının altını görmür?! Bir dayan görüm! Faddey birincidi, iki gündü burda keşik çəkir. Bu zaman üçüncü nömrə dükana gedən yolda qaça-qaça, imkan tapdıqca yaxınlıqdakı pəncərələri döyəcləyir və qışqırırdı: - Qardaşlar, gətiriblər eee! Doqqazlar şappıldadı. Dörd nömrə şalvarının kəmərini bərkidə-bərkidə dükana cumdu. Beş nömrə yerli keşişi (altı nömrə) itələyib irəli keçə bilən usta Lukyan oldu. Finişə yeddinci Sidorovun arvadı, səkkizinci – Sidorovun özü, doqquzuncu bacısı oğlu Pelaqey, - o, onuncunu, saatda 32 verst sürət nəticəsi əldə eləmiş stansiya rəisinin köməkçisi Koloçuku on beş arşın qabaqlamışdı, - on birinci qırmızı ordu papaqlı birisiydi. On ikincinisə önlüklü kişi qapı ağzına itələyib bağırdı: - Küçədə təşkil elə! Qəsəbə bir anın içində canlandı. Dükanın ətrafında iynə atsan, yerə düşməzdi. Karıxmış qarı əlində boş yağ butulkası, təşkil olunmuş növbəyə soxulmağa uğursuz cəhdlər edirdi. - Özünüz də lənətə gələsiniz, arağınız da! Mənə nahara ət almaq lazımdı! – qarı var-gücüylə çığırırdı. - Ay arvad, heç ətin yeridi?! - növbə bir ağızdan cavab verirdi. – Sənə ar olsun! - Paxomviya, tüpür getsin, - yarğandan qadın səsi eşidildi, - indi əlindən bir şey gəlməyəcək! Araq qurtarmamış heç nə edə bilməyəcəksən... - Gözümü çıxaracaqdın, hara soxulursan! - Növbəyə! - O papaqlını kənara itələyin, növbəyə girir! - Əclaf atabaatandı! - Yoldaşlar, ağlınızı başınıza yığın! - Aman Allah, çatmayacaq... - Rica edirəm, itələşməyin, mən stansiya rəisiyəm! - Arağa gələndə, elə özüm stansiya rəisiyəm! - Rəis a, sən əyyaşsan! Qapı hər saniyədən bir açılır və hər dəfəsində əlində iki dolu butulka, üz-gözündən bəxtiyarlıq yağan birisi çıxırdı, əvəzində boş butulka sahibini içəri itələyirdilər. Üç önlüklü kişi qan-tər içində sürgüc başlıqlı araq butulkalarıyla dolu yeşikləri dükana daşıyır, aldıqları pulu ciblərinə dürtürdülər. - İki butulka. - Üç iyirmi dörd! – önlüklü bağırırdı, - başqa nə? - Dörd dənə siyənək balığı... - Siyənək yoxdu! - Girvənkə yarım kolbasa... - Vasya, kolbasa qalıb? - Yox, qurtarıb! - Onda nə var ki?! - Rus-İsveçrə pendiri. Bir də holland... - Yarım girvənkə ikincisindən ver görüm... - Otuz iki qəpik? Üç əlli altı! Ala, bu da qırx dörd qəpiyin! Növbəti! - İki butulka... - Qəlyanaltı nə olsun? - Nə istəyirsən? Yetər ki, yanında araq olsun... - Diş məcunundan savayı heç nə yoxdu! - İki qutu ver görüm! - Əşşi, sizin çitiniz nəyimə lazımdı?! - Məzəsiz vermirik. - Ağlın aızb, çitdən də məzə olar?! - Necə istəyirsən... - Görüm səni o dünyada çitlə araq içəsən! - Ağzını dağıtma! - Donuz oğlu donuz, ağzını dağıdan kim?! Məgər xalqa çit yedizdirmək olar?! - Vətəndaş, növbəni ləngidirsiniz! İki yüz on beşinci nömrə iki butulka və bir girvənkə lil, iki yüz on altıncı – iki butulka və bir şüşə odekalon, iki yüz on yeddinci – iki butulka və beş girvənkə qara çörək, iki yüz on səkkizinci – iki butılka və iki tikə "Qız ətri" əl-üz yuyan sabunu, iki yüz on doqquzuncu – iki butulka və bir girvənkə stearin şam, iki yüz iyirminci – iki butulka və bir cüt corab, iki yüz iyirmi birinci... şəhadətlə ortanın arasından boylanan baş barmaq aldı. Önlüklülər sevincək ah çəkib bağırışdılar: - Bitdi! Pəncərəyə tələsik yapışdırılmış "Təmizlənmiş çaxır yoxdur" cümləsi küçədəki kütlənin boğuq uğultusuna səbəb oldu... Qar təpələri küçə boyu dinməz-söyləməz uzanırdı, stansiyadasa fənər ara-sıra göz vururdu. Evlərdən işıq gəlirdi və küçə boyu ləngər vuran birisi burnunun altında mızıldanırdı: Burda gözlə görünən hər şey rahatlığın qədrini bilərək yatır... Ruscadan çevirdi: Kifayət Haqverdiyeva
2014-01-13
6,345
Aybəniz Haşımova jurnalistlərə axirəti xatırlatdı
"Sevdiklərimizin xatirinə, dünyanı korlamayaq". "Bülbüllər" qrupunun yaradıcısı Aybəniz Haşımova jusnalistləri müəyyən məqsədlərə görə yalan məlumatlar yaymaqda ittiham edib. O, jurnalistlərin bəzilərini qazanc xatirinə yalanlara əl atmamağa səsləyib. "Axar.az"ın verdiyi məlumatda bildirilir ki, müğənni bu sözləri feysbuk sosial şəbəkəsində yazdığı statusunda bildirib. Hətta o, jurnalistlərə "axirəti düşünək" kimi çağırış da edib: "Belə bir söz var: deyirlər, yalançının evi yandı, heç kim inanmadı. Mənim jurnalistlər siyahısında çox dəyərli dostlarım var ki, onları çox sevir və hər zaman başım üzərində böyük sayqılar ilə yaşadıram. Çox təəssüf ki, hərdən bəzi jurnalist adı daşıyanlar qeyri-ciddi, qazanc xatirinə, yazdıqlarının oxu sayı çox olsun deyə, yalançı məlumatlar yayırlar. Bunlar, görəsən, öz axirətlərini düşünmürlər? İnsan onsuz da bu dünyadan gedərkən müyyən qədər günahla gedir, o ki qalsın böyük günahlar. Sevdiklərimizin xatirinə bu dünyanı korlamayaq". Qeyd edək ki, status bu gün yazılıb.
2014-01-13
6,346
Silah-sursat aşkar edən 6 polis vəzifəsindən azad olundu
Türkiyənin Adana şəhərində iki avtobusda ələ keçirilən silah-sursatın fotoşəkillərini 6 polisin mətbuata sızdırması vəzifələrindən azad olunmalarına səbəb olub. "Axar.az" Cihan xəbər agentliyinə istinadən xəbər verir ki, Tarsus-Adana-Qaziantəp yolunda 10 yanvarda saxlanılan avtobusda çox sayda tüfəng, mərmilər və digər silah növləri aşkar olunub. Məsələ ilə bağlı 8 nəfər polis tərəfindən saxlanılsa da sonradan 5 nəfər sərbəst buraxılıb. Avtobusun 2 sürücüsü hələ də məhkəmə tərəfindən ifadələri alınır. Avtobusda aşkar olunan silah-sursatın fotoşəkillərinin mətbuata sızdırılması nəticəsində 6 polis vəzifədən azad olundu, 5 polis əməkdaşının vəzifə yerləri dəyişdirildi.
2014-01-13
6,347
Dünyanın ən güclüsü: "Qızıl top" Ronaldonun - Video
Bu gün FİFA 2013-cü ilin ən yaxşı futbolçusunun adını açıqlayıb. "Axar.az" xəbər verir ki, dünyanın ən güclüsü adına Portuqaliya millisinin və İspaniyanın "Real Madrid" klubunun oyunçusu Kristiano Ronaldo görülüb. "Qızıl top" Ronaldoya təqdim olunub. Qeyd edək ki, bu ada Fransa millisinin üzvü Frank Riberi və Argentina millisinin hücumçusu Lionel Messi də namizəd idi.
2014-01-13
6,348
Ana və uşağın ölümü ilə bağlı cinayət işi açıldı
Bakının Nizami rayonunda ağacın ana və uşağın üstünə aşması nəticəsində ölmələri ilə bağlı prokurorluq cinayət işi açıb. "Axar.az" Prokurorluğun rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 11-də saat 15 radələrində Nizami rayonu, Babək prospekti ilə İ.Məmmədov küçəsinin kəsişdiyi ərazidə iri gövdəli ağacın oradan keçən piyadalar - 1968-ci il təvəllüdlü Nərgiz Hacıyeva və onun azyaşlı oğlu Elmar Hacıyevin üstünə aşması nəticəsində xəsarət alaraq hadisə yerində ölmələri faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, hadisənin baş vermə səbəblərini müəyyən etmək məqsədilə məhkəmə-bioloji eskpertizası təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib. Hazırda istintaq davam edir.
2014-01-13
6,349
Səlim Müslümov vətəndaşları Lənkərana toplayır
Yanvarın 24-də saat 10:00-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov nazirliyin Lənkəran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasında bu rayonun, eləcə də Lerik, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarının sakinləri üçün qəbul keçirəcək. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən "Axar.az"a daxil olan məlumatda bildirilir ki, qəbulda iştirak edəcək vətəndaşların nazirliyin həmin rayon üzrə əhalinin sosial müdafiəsi mərkəzlərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Lənkəran şəhərinə aparılıb gətirilmələri təmin ediləcək.
2014-01-13
6,350
Polkovnik Mirzəli Yusifovun həbsinin təfərrüatları - Açıqlama
"Mirzəli Yusifov Müdafiə Nazirliyində çalışan digər yüksək rütbəli zabitdən pul aldığına görə həbs olunub". Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) keçmiş rəisi Mirzəli Yusifovun həbsi barəsində danışarkən "Axar.az"a dedi. Üzeyri Cəfərov baş vermiş hadisəni belə şərh etdi: "Zabitdən külli miqdarda pul alıb ki, onun kursant qohumunun təyinatını daha yaxşı ixtisasa versin. Bundan sonra tərəflər arasında pul üstündə mübahisə yaranıb. Və həmin zabit də Mirzəli Yusifovdan prokurorluğa şikayət edib. Onu da bildirim ki, bu Mirzəli Yusifova qarşı ilk ittiham olmayacaq, onu daha bir neçə maddə üzrə ittiham edəcəklər. Bundan əmin ola bilərsiz". Polkovnik Mirzəli Yusifov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, general vəzifəsini icra edən polkovnikin rüşvət alma maddəsi ilə həbs olunduğu xəbərini Üzeyir Cəfərov rəsmi məlumatdan bir neçə saat əvvəl yaymışdı.
2014-01-13
6,351
Şaronun dəfnindən sonra raket hücumu
İsrailin keçmiş baş naziri Ariel Şaron şənbə günü, 11 yanvarda 86 yaşında vəfat edib. O ölkənin cənubundakı şəxsi ferması "Şikmim"də dəfn olunub. Fələstin döyüşçüləri dəfn mərasimi qurtarar-qurtarmaz bu rayona iki raket atıblar. İsrail aviasiyası da qarşılıqlı zərbə endirib. Qarşılıqlı zərbələr nəticəsində zərərçəkənlər barədə məlumat verilmir. Bu gün, 13 yanvarda İsrailin tanınmış hərbi və siyasi xadimi Ariel Şaronun dəfn edildiyi ferma Fələstin anklavından sayılan kimotrlər aralıda yerləşir. Ona görə dünyanın tanınmış siyasi xadimləri iştirak edən mərasim ciddi təhlükəsizlik qüvələri tərəfindən qorunub. Mərasimdə cuhud dövlətinin birinci şəxsləri, yüksək çinli xarici qonaqlar, o cümlədən ABŞ vitse prezidenti Con Bayden, yaxın şərq "kvarteti"nin nümayəndələri və Böyük Britaniyanın keçmiş baş naziri Toni Bler iştirak ediblər. ("AzNews.az")
2014-01-14
6,352
Ərəblər alman diplomatları güllələdilər
Naməlum adamlar Səudiyyə Ərəbistanında alman diplomatların avtmobilini atəşə tutublar. Verilən məlumata görə, diplomatlar zərər çəkməyiblər. Hadisə ölkənin qərbində yerləşən Əl-Avamiyyə şəhərində baş verib. Agentliyin məlumatına görə, onların avtomobili yansa da içərisindəki iki diplomat zərər çəkməyib. (ANS)
2014-01-14
6,353
Dənizdən çıxan qədim kompüter - Foto
Elm adamları minillik bir tarixə dayanan və dəniz sularında qərq olan obyektləri gərgin axtarışlar nəticəsində üzə çıxarmağı bacarıb. Dənizin dibindən çıxarılan zinət əşyaları, qədim qurğular və bir çoxlarının varlığına inanmadığı sualtında qalmış şəhər həyatın mürəkkəb sirlərlə dolu olduğuna dəlalət edir. Yunanıstanın antik kompüteri 1900-cü ildə Elias Stadiatos adlı bir yunan Antikzera adlı kiçik bir adanın yaxınlığında qədim zamanlarda batmış bir gəmi tapıb. Bu, təxminən eramızdan əvvəl 87-ci ildə batan bir yük gəmisi idi. İçində olan "Antikzera" qurğusu ən köhnə çarxlı qurğulardandır. Bu qurğu kəşf edildiyi gündən bu yana elm və texnologiya sahəsində araşdırma aparan tarixçilər üçün hələ də sirr olaraq qalıb. Bu qurğunun hansı işə yaramasıyla əlaqədar ən çox qəbul edilən görüş ondan ibarətdir ki, qurğu göy cismlərinin səmadakı mövqelərini modelləşdirməyə yarayan cihaz, "analoq kompüter"dir. "Apollo 11"-in mühərrikləri 2013-cü ilin mart ayında "Amazon"un idarə heyətinin sədri Jeff Bezos ağlasığmaz bir şey etməyə qərar verərək, "Apollo 11"in dənizin dibində basdırılmış mühərriklərini çıxartmağın vaxtı gəldiyini bildirdi. Kosmos gəmisinin parçaları 1969-dan bəri okeanda qalmışdı. Çıxarılan mühərrik parçaları "Kanzas Cosmosphere" və Kosmos Mərkəzində sərgilənmək üçün təmir edildi. Antik şəhər Şəhərin hamısını su üzərinə çıxarmaq mümkün olmasa da, tarixin dərinliklərində itdiyi güman edilən şəhərin varlığı sübut olunub. Günümüzün müasir texnologiyaları su altındakı bu yerləri yenidən kəşf etməyə imkan yaratdı. Bunların ən diqqət çəkən nümunələrindən biri 2000-ci ildə Misir sahillərinin dərinliklərində tapılıb. Batmış Tonis şəhəri min illik bir keçmişə sahibdir. Çıxarılan və bərpa edilən bəzi tapıntılar keçmiş dövrün zənginliyini göz önünə çıxarır.
2014-01-14
6,354
Uşaqlara kitabı sevdirmənin əsas yolları
Bildiyimiz kimi, uşaqların çoxu oxumağı darıxdırıçı hesab edir və hər fürsətdə bu fəaliyyəti yerinə yetirməkdən uzaq qaçırlar. Onlara kitab oxuma vərdişi qazandırmaq isə valideyinlərin üzərinə düşür. Lakin uşaqlara kitabı sevdirmək mümkünsüz iş deyil, onun da öz üsulları var. Çalışın, uşaqlarınızla birlikdə oxuyun Uşaqlarınız kitab oxuyan zaman onlara yoldaşlıq edin və birlikdə oxuyun. Daha sonra oxuduğunuz hekayəni müzakirə edin və suallar verin. Hekayəni birlikdə şərh edərkən, uşaqlarınızın təxəyyülünün və anlama qabiliyyətinin inkişafına kömək etmiş olarsız. Rahat olan bir mühit secin Kitab oxuyarkən uşağınızın rahat olacağı bir yer secin; bu evdə uşağın sevəcəyi bir künc və ya yatağının üzəri ola bilər. Fərqli xüsusiyyətlə fərqlənən kitablardan faydalanın Uşağınızın kitab oxuma fəaliyyətinin əyləncəli olmasını istəyirsinizsə, içində fərqli şəkillər olan kitablardan istifadə edə bilərsiniz. İstədiyi qədər oxumasına icazə verin Uşağınız yataqda kitab oxumaq istəyirsə, ona məhdud zaman verməyin. Əgər daha çox oxumaq istəyirsə, istədiyi qədər yataqda qalmasına və yatana qədər kitabını oxumasına icazə verin. Ona nümunə olun Nizamlı olaraq oxuduğunuzu uşaqlarınızla da bölüşün. Ancaq kitab oxumaqla qalmayın. Evdə mütləq qəzet də oxuyun. Gözlərini yoxlayın Uşağınız kitab oxumağı sevmirsə, bu onun görmə qabiliyyətinin zəif olması ilə bağlı ola bilər. Bunun üçün uşağınız kitab oxuyarkən onu yoxlayın və hər hansı bir problem olduqda mütləq göz həkiminə müraciət edin.
2014-01-14
6,355
Yanacaqdoldurma məntəqəsinin tavanı uçdu - Video
Paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqisinin tavanı güclü küləyin əsməsi nəticəsində uçdu. Hadisə axşam saatlarında baş verib. Alminium və taxta konstruksiyadan ibarət olan tavan əsən küləyin gücünə tab gətirməyərək yanacaqdoldurma sahəsinə düşdü. Xoşbəxtlikdən hadisə yerində insan yox idi. Amma hadisə nəticəsində 2 avtomobilə ziyan dəyib. Avtomobillərdən birinin qabaq şüşəsi zədələnib. O biri avtomobilin isə yan hissəsi əzildi. Hadisədən dərhal sonra aşmış tavanın qalıqları işçilər tərəfindən yığışdırıldı. Güclü külək Şamaxıda günorta saatlarında rayon kənarında magistral yol kənarındakı yaşayış evlərinə, ağaclara və avtomobillərə ziyan vurub. Bir ağacın aşması nəticəsində sakinlər Ədalət Kərimov və Ətəşmasib Niftaliyevə məxsus olan avtomobillərə zərər dəyib. Hadisə zamanı avtomobil sahibi Təhmasib Niftaliyev özü də xəsarət alıb. Rayon ərazisində ona yaxın evin dam örtüyü dağılıb, elektrik dirəkləri aşıb. (ANS)
2014-01-14
6,356
Ruslar seçimini etdi - Sergey Şoyqu
Rusiya ictimai araşdırma şirkəti Rusiyada ən çox hansı siyasi xadimin sevildiyinə dair araşdırma aparıb. "Axar.az"ın Rusiya mətbuatına istinadən xəbərinə görə, araşdırmalara əsasən ruslar ən çox Müdafiə naziri Sergey Şoyqunu bəyənirlər. 4,06 səs toplayan Şoyqu birinci olub. Xarici işlər naziri Sergey Lavrov 3,84 səslə ikinci və Səhiyyə naziri Vladimir Puçkova isə 3,48 üçüncü sırada qərarlaşıb. İlk 10-luqda qərarlaşan nazirlərin və nazir köməkçilərinin adları aşağıdakı kimidir: 4. Baş nazir köməkçisi Dmitri Roqozin: 3,25 səs 5. İdman naziri Vitali Mutko: 3,22 səs 6. Baş nazir köməkçisi Dmitri Kozak: 3,2 səs 7. Daxili İşlər naziri Vladimir Kolokoltsev: 3,17 səs 8. Kommunikasiya və nəqliyyat naziri Nikolay Nikiforov: 3,11 səs 9. Baş nazir müavini İqor Şuvalov: 3,07 səs 10. Baş nazir müavini Aleksandr Hloponin: 3,03 səs Qeyd edək ki, Sergey Şoyqu daha əvvəldə keçirilən səsvermədə nazirlər arasında ən çox səs toplamışdı.
2014-01-14
6,357
İnsanlardan sonrakı dünya fotolarda
Şəkildə görəcəyiniz tərk edilmiş nəsnələr bir zamanlar insanlarla iç-içə olub. Sonra... Lakin hamısının fərqli-fərqli səbəbləri olsa da, taleləri eynidir. Güman ki, hər kəs insanlardan sonrakı həyatın necə olacağı ilə maraqlanır. Beləliklə, insanlardan sonra həyat mənzərələri:
2014-01-14
6,358
E vitamini və cinsi istəksizlik
E vitamini ilə zəngin olan qidalardan istifadə etmək ürək xəstəlikləri, diabet, dəri və saçın keyfiyyəti mövzularında çox faydalıdır. E vitamini: - Çox əhəmiyyətli bir antioksidan olan E vitamini, hüceyrə quruluşunun pozulmasına mane olur. - Yaraların sürətlə yaxşı olmasını təmin edir. - İmmunitet sistemini gücləndirir. Göz xəstəliklərinə qarşı qoruyucudur. - E vitamini əskikliyi qanazlığı və göz pozuqluğuna, tez yorulma, cinsi istəksizlik və sonsuzluq kimi təsirlərə səbəb olur. - Xüsusilə yetkinlik dövründə E vitamini çox əhəmiyyətlidir. E vitamini ilə zəngin olan qidalar bunlardır: Taxıl, qoz-fındıq, ton balığı və sardina, kartof, pomidor, ispanaq və kahı kimi yaşıl tərəvəzlər, balqabaq və toxumu, gül kələmi, küncüt, yumurtanın sarısı, soya paxlası, qarğıdalı, kələm, badam, kök, şirin bibər, quru qaysı, yaşıl reyhan.
2014-01-14
6,359
İngiltərə kral ailəsi yeni dayə axtarır
İngiltərənin ən tanınmış simalarından olan Uilyam və Düşes Keyt oğulları Georgi üçün dayə axtarışına çıxıblar. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, krallıq yeni dayə axtarışına çıxma səbəbini keçmiş dayənin yaşı ilə əlaqələndirib. Onlar 71 yaşlı dayənin enerji dolu bir körpəyə baxa bilməyəcəyini düşündükləri üçün bunu etdiklərini bildiriblər. Uilyam isə olduqca şanslıdır. Çünki dayələr sırf ona xidmət göstərə bilməkləri üçün sanki bir-biriləri ilə yarışa giriblər. Qeyd edək ki, Uilyamın keçmiş dayəsi həm də illər öncə onun atasına dayəlik edib. Hazırda 71 yaşı olan dayə təqaüdə çıxmaq qərarına gəlib.
2014-01-14
6,360
Makedoniyalı İsgəndər nədən ölüb? – Fotolar
Tarixçilərdən maraqlı iddia: Ayaqları və dili tutulub! II Daranın güclü ordusunu məğlub edən məşhur və uğurlu sərkərdə, Makedoniyanın kralı Böyük İsgəndərin, sadəcə, bir bitki ilə zəhərləndiyi iddia edilib. "Axar.az" xəbər verir ki, Yeni Zellanidyanın Otaqo Universitetinin araşdırmaçısı Leo Şep Böyük İsgəndərin latınca adı "veratrum album" olan bir bitkidən içərək e.ə. 323-cü ildə 32 yaşında öldüyünü iddia edib. Böyük İsgəndərin arsenik ya da striknik maddələrdən istifadə edilərək zəhərlənməsinin mümkün olmadığını bildirən Şep, "bu maddələr insanı çox sürətli şəkildə öldürər, ancaq İsgəndər 12 gün ölüm ayağında olub, ayağı və dili tutulmuş vəziyyətdə imiş",- deyib. Zəhərlər üzrə mütəxəssis Şep "ağ qırıntı" mənasını verən zərərsiz veratrum album bitkisi suda həll olunduğunda ölümcül olduğunu bildirərək, İsgəndərin şərabına bu bitkidən qarışdırıldığını, acı dad verməsin deyə, ətirli maddədən istifadə edilmiş ola biləcəyini bildirib. Araşdırmanın nəticələri "Texnologiya klinikası" jurnalında yayımlanıb.
2014-01-14
6,361
10 il ölmüş adamla birgə yaşadı
10 il ölmüş adamla yaşamaq inandırıcı səslənməsə də, Argentinalı gənc ölmüş anasının cəsədini mumiyalayaraq 10 il onu evində saxlamağı bacarıb. "Axar.az" türk mətbuatına istinadən verdiyi xəbərdə bildirir ki, analoqu olmayan hadisə Argentinanın paytaxtı Buenos Ayres şəhərində baş verib. Qonşuların pis qoxudan şikayət etməsi evə xüsusi baxışın keçirilməsi ilə nəticələnib. Baxış zamanı ev sahibi 58 yaşlı Klaudio Alferin yenicə vəfat etmiş cəsədi aşkarlanıb. Ən dəhşətlisi isə odur ki, baxış zamanı evdən ikinci cəsəd də aşkarlanıb. 10 il bundan öncə ölmüş adamın cəsədi isə Klaudio Alferin anasına aid olub. Qonşular 10 il bundan öncə ölmüş ananın cəsədini görüncə təəccüblərini gizlədə bilməyiblər. Onlar mərhumun anasının ölməsi haqqında hətta xəbərsiz olduqlarını da bildiriblər. Araşdırmalardan bəlli olub ki, Klaudio Alfer psixoloji problem yaşadığından anasının ölümünü qəbul edə bilməyib. Buna görə də o, cəsədi mumiyalayıb, onunla yaşamaq qərarına gəlib. Üstəlik o, anasını soruşan hər kəsə onun qocalıq səbəbi ilə evdən çölə çıxmadığını bildirib. Qeyd edək ki, 10 saxlanılan cəsəd mumiyalandığından heç bir fiziki deformasiyaya məruz qalmayıb.
2014-01-14
6,362
İnsanlara yovuşmazlığı onu dünyada tanıtdı – Fotolar
Hər kəsin marağına səbəb olacaq şəkillər Kiyle Tomson insanlarla ünsiyyət qurmağa çətinlik çəkdiyi üçün fotoqrafçılığa başlamaq və öz şəkillərini çəkməklə sıxıntıdan qurtulmaq qərarına gəldi. Saatlarını, günlərini meşədə, tərk edilmiş məkanlarda keçirib özünün yüzlərlə şəklini çəkdi. Bu şəkilləri ictimaiyyətlə paylaşdıqdan sonra Tomsonun bütün həyatı dəyişdi.
2014-01-14
6,363
Müsəlmanlardan qisasını onları yeməklə alır – Dəhşət
Mərkəzi Afrika Respublikasının paytaxtı Bangidə yaşayan Andja Maqloyre ailə üzvlərinin kütləvi qətlindən sonra adam yeməyə başladığını bildirib. Jurnalistə müsahibə verən Andja özünə "Çılğın it" ləqəbini götürdüyünü də etiraf edib. "Axar.az" "Sondakika.com"a istinadən verdiyi xəbərdə bildirir ki, afrikalı gənc hər dəfə növbəti insanı ovladıqda özünün ölümsüzlüyə qovuşduğunu düşünür. Hətta o, etdiyi vəhşilik haqqında jurnalistlərə müsahibə də verib. Jurnalistin ona verdiyi "ilk dəfə necə oldu ki, adam yedin?" sualına o belə cavab verib: "Müsəlmanlar mənim hamilə həyat yoldaşımı, baldızımı və onun körpəsini öldürdülər. Mən də onlara nifrət edirəm. Xristian müsəlman qarşıdurmasında ən azı min nəfər ölüb, hələ evlərini tərk edənlər də olub. Buna görə də onları yeyib, qısas alıram". İlk qurbanımı avtobusda seçmişdim BBC-nin müxbirinə danışan adamyeyən ilk şikarını avtobusda təyin edib, onun ardınca getdiyini, daha sonra isə ona hücum edərək ayağını parçaladığını deyib. Baş verən hadisə zamanı isə heç kəsin olanlara müdaxilə etmədiyi bildirilir. Qeyd edək ki, Andja Maqloyre elə günün bu günü də adam ovlamağa davam edən vəhşilər siyahısındadır.
2014-01-14
6,364
Riyazi tənliklər - beyninizin xilaskarı
"Passiv həyat tərzi beyin hüceyrələrini məhv edir". Texnologiyanın insanı məhv edə biləcək gücə sahib olması bir daha öz təsdiqini tapıb. Belə ki, texnologiyaya nə qədər aludə olarıqsa, o qədər də beynimizdə müəyyən fəsadların yarandığını rahatlıqla hiss edə bilərik. "Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, texnologiyaya meyilli insanlar yaddaşlarını hər an itirə bilmək təhlükəsi ilə üz-üzədirlər. Amerika alimlərinin apardığı araşdırmadan bəlli olub ki, daim sosial şəbəkələrdən ünsiyyət vasitəsi kimi istifadə edən insanların beynində yaranan qalıcı ziyanlar beynin elektrik istehsal edən aktiv hüceyrələrini məhv edir. Elektron kitab oxumaqdan yayının Texnologiya inkişaf etdikcə insanlar bütün gündəlik istifadə etdikləri əşyaları onlara köçürürlər. Buna kitab, qəzet, film və.s kimi istifadə etdiklərimiz aiddir. Mütəxxəssislər isə insanları bu cür vərdişlərdən uzaq olmağa çağırır. Çünki hədsiz texnologiyaya yüklənmək erkən beyin yaşlanmasına səbəb ola bilər. Texnologiya düşüncə gücümüzü zəiflədir Ekspertlər texnologiyaya meyilli insanların içində gənclərin çoxluq təşkil etdiyini bildirib. Bu cür alışqanlığın sonu isə sosial aləmdən təcrid olunmaq deməkdir. Üstəlik ekspertlər internet xəttinin yataq otağında olmamasının xeyirli olduğunu bildiriblər. Çünki bu avadanlıqlardan kənara səpələnən şüalar beyin hüceyrələrinin hərəkətlərinə maneələr yaradır. Bu vəziyyətdə isə insan normal düşünə və qərar verə bilmir. Qeyd edək ki, araşdırmaçılar məsləhətlərində beyin hüceyrələrinin məhv olmaması üçün daim riyazi tənliklər etməyin lazım olduğunu bildriblər.
2014-01-14
6,365
Diş xəstəlikləri artıq çəkiyə səbəb olur
İnsanın bütün daxili orqanları birbaşa ağız və ağız boşluğu ilə əlaqəli olduğundan həkimlər bu sahədə ciddi xəbərdarlıq edirlər. Belə ki, dişlər çürük olduqda və ya hər hansı bir əksiklik meydana gəldikdə bu artıq kiloların yaranmasına səbəb ola bilər. "Axar.az"türk mətbuatına istinadən xəbər verir ki, diş əksikliyi insanın artıq çəki toplamasına səbəb olan təhlükəli amillərdəndir. Ortalama hesaba görə, hər bir insan il ərzində ən azı iki dəfə dişlərini müayinədən keçirməlidir. Bu qaydalara riayət etməklə sağlam diş və diş ətinə sahib ola bilərsiniz. Çürük dişlərin yaratdığı xəstəliklərə təəccüblənəcəksiniz Məlumatlarda bildirilir ki, çürük dişlərə laqeyd yanaşmaq bədəndə mikrobların yayılmasına səbəb ola bilər. Bu isə qarşısı alınmaz şəkər xəstəliyinə, immun sisteminin zəifləməsinə, ürək-damar xəstəliklərinə, eləcə də qanda şəkərin miqdarının dəyişməsinə səbəb ola bilər. Qeyd edək ki, araşdırmaçılar gec-gec təmizlənən dişlərin də artıq çəkiyə səbəb ola biləcəyini bildiriblər.
2014-01-14
6,366
Qarajda avtomobil yandı
Gəncə şəhərində avtomobil yanıb. Şəhərin Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan qarajın içərisində olan "Opel" markalı minik avtomobilinin mühərrik hissəsi və 3 kv.m sahədə qarajın içərisinə yığılmış ev əşyaları yanıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avtomobilin və qarajın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.
2014-01-14
6,368
Məşhur şahmatçının cənazəsi Azərbaycana gətirildi - Fotolar
Yanvarın 14-də tanınmış şahmatçı, 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanmış və bu il yanvarın 11-də Almaniyanın Heydelberq şəhərindəki klinikada dünyasını dəyişmiş beynəlxalq dərəcəli qrossmeyster Vüqar Həşimovun cənazəsi Azərbaycana gətirilib. Heydər Əliyev Beynəlxalq Aeroportunda üçrəngli Azərbaycan bayrağına sarılmış cənazəni mərhum şahmatçının yaxınları və ölkə idman ictimaiyyətinin nümayəndələri qarşılayblar. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov Vüqar Həşimovun dünyasını dəyişməsindən çox kədərləndiyini bildirmiş, bu itkinin təkcə ölkəmiz üçün deyil, dünya şahmatı üçün böyük kədər olduğunu diqqətə çatdırmış və müxtəlif ölkələrin milli federasiyalarından bu hüznlə bağlı başsağlığı məktublarının gəldiyini vurğulayıb. Vüqar Həşimovla vida mərasimi yanvarın 14-də Respublika Şahmat Mərkəzində saat 11.00-dan 15.00-dək təşkil olunacaq. Şahmatçı üçüncü Fəxri Xiyabanda torpağa tapşırılacaq. Qeyd edək ki, istedadlı Azərbaycan şahmatçısı, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimov ağır xəstəlikdən sonra yanvarın 11-də dünyasını dəyişib (Trend).
2014-01-14
6,369
Bizə at və eşşək əti yedizdirirlər - Fakt/Foto
Meşənin üç yerində heyvan məzarlığı var "Axar.az" "Apa" ya istinadən xəbər verir ki, Xaçmaz rayonunda meşə massivində xeyli sayda heyvan cəsədi tapılıb. Verilən məlumata görə, Xaçmaz rayonunun Qımıl kəndi ərazisində, avtomobil yolundan 250-300 metr aralıda meşə massivində təxminən 1000-dək at və eşşək cəsədi aşkar edilib. Meşə gözətçisi İlyas İlyasov deyib ki, bu vəzifəyə yeni təyin olunub, ərazini təhvil-təslim edərək bura baxış keçirdiyi zaman bu faktla qarşılaşıb. Onun sözlərinə görə, meşənin üç yerində bu cür heyvan məzarlığı var. O bu barədə artıq rəhbərliyə məlumat verdiyini də deyib. Ehtimal olunur ki, bu heyvanların ətindən kolbasa istehsalında istifadə olunur, cəsədlərin qalıqları əraziyə axşam saatlarında gətirilir.
2014-01-14
6,370
Arvad ərini qətlə yetirdi
Astarada 72 yaşlı arvad 76 yaşlı ərini öldürüb. Astara rayon Prokurorluğundan verilən məlumata görə, yanvarın 13-də Astara rayonu Pensər kənd sakini 1942-ci il təvəllüdlü Qasımova Nənəxanım Əziz qızı həyat yoldaşı, 1938-ci il təvəllüdlü Qasımov Nəriman Həsən oğlunu qətlə yetirib. Qeyd edək ki, yaralı Qasımov Nəriman Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib və orada ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır (Trend).
2014-01-14
6,371
Rza Zərrabla həbs olunan azərbaycanlılar kimdir? – Özəl
Türkiyə gündəminə bomba kimi düşən və kütləvi həbslərlə müşayiət olunan 17 dekabr rüşvət əməliyyatında həbs olunan azərbaycanlılar "Qapalı Çarşı" bazarında valyutadəyişmə məntəqəsinin sahibi olublar. "Axar.az"ın Türkiyədəki özəl mənbədən əldə etdiyi məlumata görə, soyadları və ittihamları bu vaxta qədər açıqlanmayan Azərbaycan vətəndaşları - A.Nizami və H.Surxay rüşvət əməliyyatı çərçivəsində baş tutan həbslərdən əvvəl qardaş ölkədə bir neçə il sahibkarlıq fəaliyyəti göstəriblər. Məlumatda bildirilir ki, həmyerlilərimizin həbs olunmasına əsas səbəb kimi qanuni valyutadəyişmə məntəqəsindən kənar qeyri-qanuni pul dövriyyəsi xidməti təklif etmələridir. Belə ki, onlar azərbaycanlılara yaxşı tanış olan və daha çox Rusiyadakı soydaşlarımızın istifadə etdiyi cəmi 1 faiz xidmət müqabilində "əlbəəl pul köçürməsi" faktında ittiham edilirlər. Qeyd edək ki, adətən bu cür pul köçürmələri xırda məbləği əhatə edir. Ona görə də qeyri-qanuni böyük pulköçürmə və korrupsiya istintaqında həmyerlilərimizin konkret hansı əməliyyatda suçlandığı müəmmalıdır və istintaq hələ də bu suala aydınlıq gətirmir. Xatırladaq ki, azərbaycanlıların həbsi ilə bağlı məlumatda Türkiyədə kağız üzərində qurulmuş 3 xəyali şirkətdən - "Cihan Kiymetli Madenler", "Deniz Kiymetli Madenler" və "Kapital Kiymetli Madenler" – söhbət gedir. 2009-2012-ci illərdə Adəm G. və Vidadi B. tərəfindən qurulan bu şirkətlərin İran Millət Bankı vasitəsilə 87 milyard avro köçürülməsində yer aldığı, şirkətləri R.Zərrabın qurdurduğu və idarə etdiyi bildirilir. Belə məqamda "Qapalı Çarşı" valyuta mübadilə məntəqəsində fəaliyyət göstərən A.Nizami və H.Surxayın bu böyük əməliyyatdakı rolu müzakirə mövzusudur. Mənbənin bildirdiyinə görə, istintaqa cəlb olunan bu həmyerlilərimizin də daha çox İranla əlaqələri olduğu ittihamda yer alıb.
2014-01-14
6,372
Baş Prokurorluğun idarə rəisi vəfat edib
Baş Prokurorluğun idarə rəisi xəstəlikdən vəfat edib. "Axar.az" "APA" ya istinadən xəbər verir ki, hadisə yanvarın 13-də baş verib. Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi, üçüncü dərəcəli ədliyyə müşaviri Əzizağa Həsənov xəstəlik nəticəsində dünyasını dəyişib.
2014-01-14
6,373
Nərgiz Paşayevanın qızının doğum günündən – Foto
Bu yaxınlarda "Nargis" jurnalının baş redaktoru, professor Nərgiz Paşayevanın qızı Ülviyyə Mahmudovanın doğum günü olub. "Axar.az" xəbər verir ki, Feysbuk sosial şəbəkəsində Nərgiz Paşayevanın qızları Aida və Ülviyyə Mahmudovanın idarə etdiyi "Aida & Ulviyya Mahmudova" səhifəsində Paşayevaların doğum günündən fotosu yayılıb. Fotoda Nərgiz Paşayeva, Aida Mahmudova, qızı Ülviyyə Mahmudova və oğlu yer alıb.
2014-01-14
6,374
Mövqelərimiz atəşə tutulub
Cəbhənin təmas xəttində atəşkəs pozulub. "Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Qarşı tərəf cavab atəşi ilə susdurulub.
2014-01-14
6,375
Sadıqov və Foqts kimə səs verib? – Qızıl top
Kriştiano Ronaldo karyerasında ikinci dəfə "Qızıl top"un sahibi olub. İlk dəfə 2008-ci ildə bu uğura sahib olan Kriştiano 5 ildən sonra Messinin məğlubedilməzlik seriyasını qırmağa nail olub. O, əsas rəqibləri Messi və Riberini qabaqlayıb. Mərasimdə ailəsi ilə birlikdə iştirak edən portuqaliyalı futbolçu göz yaşlarını saxlaya bilməyib. Xatırladaq ki, 2009, 2010, 2011 və 2012-ci illərdə bu mükafata argentinalı ulduz futbolçu Lionel Messi sahib olub. Səsvermə qaydalarına əsasən bütün ölkələrin yığma komandalarının baş məşqçiləri və kapitanları qızıl topa layiq bildiyi futbolçulara 1,3, və 5 xal olmaqla 3 səs veriblər. Bizimkilər kimə səs verib? Millimizin kapitanı Rəşad Sadıqov və Baş məşqçimiz Berti Foqtsun seçimləri fərqlidir. Əsl adı Hans-Hubert Vogts olan Berti Foqts qızıl topa sahib olan Ronaldoya səs versə də, digər 2 yüksək səsi başqa futbolçulara verib. Ardıcıllıq belədir: Ronaldo – 5 xal, Flip Lam – 3 xal, Robert Levandovski - 1 xal. Baş məşqçisi Berti Foqtsdan fərqli olaraq, yığma komandamızın kapitanı Rəşad Sadıqovun səs verdiyi 3 futbolçudan 2-si ilk yeri tutub. Ardıcıllıq belədir: Riberi - 5 xal, Ronaldo – 3 xal, İbrahimoviç – 1 xal
2014-01-14
6,376
Bakıda zəncirvari yol qəzası baş verib, ölən var
Bakının Xəzər rayonunda baş verən zəncirvari yol qəzasında bir nəfər ölüb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 13-də saat 10:00 radələrində, Xəzər rayonu Şüvəlan-Zirə şossesində, Bakı şəhər sakinləri 1976-ci il təvəllüdlü Rövşən Ağasəf oğlu Abbasovun idarə etdiyi "VAZ-2107" markalı, 1947-ci il təvəllüdlü Şirbala Mirbala oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı və 1977-ci il təvəllüdlü Əvəz Cabir oğlu Əliyevin idarə etdiyi "Ford" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində Rövşən Abbasov aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır (Trend).
2014-01-14
6,377
Gülənin gizli danışığı: “Patron bilməsin” - Video
Fətullah Gülənin telefon danışığı internetə sızdırılıb. "Axar.az" məlumat verir ki, bu informasiya ilə Türkiyə mətbuatı çıxış edib. Mətbuat internetə sızdırılan danışıqda Fətullah Gülənin iş adamı Rəhmi Koça qarşı keçirilən vergi yoxlamaları ilə bağlı narahat olmamağı məsləhət gördüyü bəlli olub. O, bununla əlaqədar olaraq Ərdoğanı nəzərdə tutaraq "böyük patron bilməsin" ifadəsini işlədib. Bundan əlavə Fətullah Gülənə məlumat verən şəxs artıq izlənildiklərini və bunu yanına gəldiyi zaman ərz edəcəyini bildirib. Fətullah Gülənə verilən informasiyaların başqa bir məqamı isə Türkiyə İş Adamları və Sənayeçilər Konfederasiyası (TUSKON) ilə bağlıdır. Məlumat verən şəxs artıq bununla bağlı "camaat"a təzyiqlər edildiyini bildirib. O bir zamanlar buna qarşılıq "camaat"a məxsus hazırlıq kurslarının bağlanması ilə bağlı xəbərlərin yayımlandığını bildirib. Məruzə edən şəxs heç bir narahatçılığa ehtiyac olmadığını, bununla əlaqədar nazirliklərlə müştərək iş gördüklərini deyib. Fətullah Gülən isə bunun qarşılığında məruzə edən şəxsə "o zaman o etmək istədiyiniz şeyi edin, inşallah" sirli cavabını verib. İnternetə sızdırılan video-yazını təqdim edirik.
2014-01-14
6,378
Zakir Həsənov səlahiyyətlərinin artırılmasını istəyir
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Müdafiə Nazirliyinin tabeçiliyinə verilə bilər. Hərbi mənbələrdən verilən məlumata görə, artıq bununla bağlı müdafiə naziri Zakir Həsənov təkliflə çıxış edib. Məqsəd isə hərbi çağırış zamanı baş verən neqativ halların qarşısını almaq, prosesə birbaşa nəzarət edə bilməkdir. Məlumata görə, artıq Müdafiə Nazirliyi tərəfindən bu istiqamətdə ilk addımını da atıb. Belə ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən nazirliyinin tabeliyində olan hərbi hissələrə hərbi xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti Silahlı Qüvvələrin birliklərində, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılmış tibbi komissiyalar tərəfindən təkrarən yoxlanışdan keçiriləcək. Xəstəlik aşkar edilən çağırışçılar geri qaytarılacaq. Məlumatda o da qeyd olunub ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti artıq bir neçə ildir yaranmasına baxmayaraq, yenə də hərbi xidmətə yararsız insanların orduya cəlb edilməsi faktlarına rast gəlinir. Buna görə də, Zakir Həsənov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Müdafiə Nazirliyinin tərkibinə birləşdirilməsi istəyir. Qeyd edək ki, 2012-ci ilin fevralında Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər hərbi komissarlıqları ləğv edilib və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb (AzNews).
2014-01-14
6,379
Azərbaycanda bir ildə 1800 körpə ölüb
Ötən il Azərbaycanda 172 mindən çox uşaq dünyaya gəlib, 1, 8 min körpə isə dünyasını dəyişib. Bu barədə Dövlət Statistika Komitəsinin cavabında bildirilib. Komitədən verilən məlumata görə, bu göstərici ötən il ərzində qeydə alınıb (AzVision.az). "2013-cü ildə ölkədə 172,6 min körpə doğulub, onlardan ölənlərin sayı 1,8 min nəfər təşkil edib". Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə isə son 3 illə müqayisədə bu il 1 yaşa qədər körpələr arasında ölüm faktı azalıb. Belə ki, 2011-ci ildə 1903 körpə ölüb. 2012 – ci ildə isə 1884 körpə ölümü qeyd alınıb. Bu isə hər 1000 nəfərə 10,8 nəfər deməkdir. 2013 –cü ilin 6 ayı ərzində 900 nəfər 1 yaşa qədər körpə dünyasını dəyişib. Ölkədə 2011-ci ildə ölən 1903 körpədən 1536 nəfəri şəhər, 367 nəfər isə kənd yerlərinin payına düşür. 2012-ci ildə isə tələf olan 1884 körpədən 1524-ü şəhər, 360-ı isə kənd yerlərindən olan uşaqlar təşkil edib.
2014-01-14
6,383
“Mənə bir şey olsa, bu səs yazısını yayın” – Şok/Video
Parisdə üç PKK-çı qadını öldürən Ömər Güneyin iki nəfər MİT agenti ilə cinayət planı haqda danışdığı bir səs yazısı yayımlanıb. Əldə edilən məlumatlara görə, Milli İstihbarat Təşkilatı (MİT) səs yazısı ilə əlaqədar araşdırma aparır. "Axar.az" xəbər verir ki, keçən il yanvarın 10-da Parisdə üç PKK-çı qadını öldürən Ömər Güneyin səs yazısı "Yutub"da yayımlanıb. Güneyin, "mənə bir şey olsa, bu səs yazısını yayımlayın", - deyə MİT-çilərlə olduğu bir toplantının səs yazısını bir tanışına verdiyi bildirilib. Ömər Güneyin tanışı videonun başlığında bunları yazıb: "Mən Fransanın Paris şəhərində üç qadını öldürən Ömər Güneyin tanışıyam. Ömər 17 yanvar tarixində (2013) həbs olundu. Ömər həbs olunmamışdan əvvəl məlumat və sənədləri mənə verdi ki, başına bir iş gəlsə, yayımlayım. Ömər Parisdə öldürdüyü üç qadının qətl tapşırığını MİT-dən alıb. Hədəfində olan əsas şəxs Səkin Cansız idi. Digər iki qadını isə orada olduqları üçün öldürmək məcburiyyətində qalıb. Hadisədən əvvəl dəfələrlə Türkiyəyə gedib və MİT-çilərlə görüşüb, qətlin planını cızıblar. Təyyarə biletlərini MİT-çilər alıb. Öldürmək üçün istifadə etdiyi silah və digər şeyləri almaq üçün pulu belə MİT-çilər verib. MİT-çilərlə danışığını qeydə alıb. Bu səs yazısının bəzi yerlərini mənə verib ki, başına bir iş gəlsə, yayımlayım. Ömər həbsdədir. Heç kim itirib-axtarmır. MİT-çilər Ömərdən istifadə ediblər. Ömərin məndən istədiyi bunlar idi. Hamısını yazdım".
2014-01-14
6,384
Dubayda həbs olunan Cavadağa Sultanov sərbəst buraxılıb
BƏƏ-də saxlanılan Bakı Baş Polis İdarəsinin keçmiş rəis müavini Cavadağa Sultanov yenidən sərbəst buraxılıb. Ondan ölkəni tərk etməmək haqqında iltizam alınıb. Bu barədə APA məlumatlı mənbəyə istinadən xəbər yayıb. Xatırladaq ki, ötən ilin noyabrın 6-da BƏƏ-də saxlanılan Azərbaycan vətəndaşı Cavadağa Sultanov fırıldaqçılıqda və külli miqdarda vəsaiti vergidən yayındırmaqda ittiham edilir. Bir müddət sonra C.Sultanov Azərbaycanın BƏƏ-dəki səfirinin xahişi əsasında səhhəti ilə əlaqədar azadlığa buraxılıb. C.Sultanovun həyat yoldaşı dəfələrlə Azərbaycanın Əbu Dabidəki səfirliyinə müraciət edərək, onun səhhətinin pisləşdiyini deyib. Lakin yanvarın əvvəlində Dubay Ali Məhkəməsinin qərarı ilə C.Sultanov məhkəmə iclasına gəlmədiyi üçün yenidən saxlanılıb. Xatırladaq ki, polis polkovniki Cavadağa Sultanov Hacı Məmmədovun işi ilə bağlı aparılan araşdırmanın nəticəsi olaraq daxili işlər nazirinin 23 mart 2005-ci il tarixli əmri ilə daxili işlər orqanlarından xaric edilib. O, Hacı Məmmədovun cinayət işində şahid qismində dindirilib C.Sultanov Bakının Binəqədi rayon Polis İdarəsinin rəisi də işləyib.
2014-01-14
6,385
Zakir Həsənov dövləti ziyana salan zabitə vəzifə verdi
Hərbi ekspert Üzeyir Cəfərov "feysbuk" profilində dövlətə 58 min manat ziyan vurduğuna görə keçmiş Müdafiə naziri Səfər Əbiyev tərəfindən cəzalanan polkovnik-leytenant İsa İsmayılov haqda yazıb. "Axar.az" Üzeyir Cəfərovun statusunu təqdim edir: "Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəis müavini vəzifələrini icra edən polkovnik-leytenant İsa İsmayılovdur. Cənab İsa İsmayılov MN-nin "Azərbaycan Ordusu" qəzetinin baş redaktoru kimi uzun illər bu qəzetdə xidmət keçmiş və ötən il sabiq müdafiə naziri Səfər Əbiyev tərəfindən dövlətə 58 min manat ziyan vurduğuna görə cəzalandırılaraq Mətbuat Xidmətinə zabit vəzifəsinə təyin edilmiş zabitdir. Verilən məlumata görə, yeni nazir Zakir Həsənov vəzifəyə təyin edildikdən sonra ən çox sevinen zabitlərdən biridir. Mətbuatdakı dostlarımız bu yoldaşdan da MN sistemində baş verən hadisələr haqqında məlumat ala bilərlər".
2014-01-14
6,386
Dünən ölkədə 75 cinayət baş verib
Dünən Azərbaycanda gün ərzində 75 cinayət faktı qeydə alınıb. "Axar.az" məlumat verir ki, cinayət faktlarının 35-i "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 32 nəfər tutulub.
2014-01-14
6,387
İqbal Ağazadə: “AXCP-Müsavat davası genişlənəcək”
"Bu adamlar hansı səbəbdən bir yerdə olduqlarının fəlsəfəsini qəbul edə bilməyiblər. Niyə bir yerdə olduqlarına cavab tapa bilməyiblər. Cavab tapa bilmədiklərinə görə də bu cür sadə vəziyyətlərdə çox mürəkkəb münaqişələr yaradırlar. Hesab edirəm ki, AXCP, Müsavat və başqa partiyalar arasında olan münaqişələr bu davanı daha da genişləndirəcək. Bu, o vaxta qədər genişlənəcək ki, hər kəs öz yerini bəlli eləsin. Bunların heç birinin cəmiyyətdə və siyasətdəki yeri bəlli deyil". Bu sözləri Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə son günlər AXCP və Müsavat partiyasının qarşılıqlı olaraq bir-birlərini tənqid və təhqir etməsinə münasibət bildirərkən "Axar.az"a dedi. İqbal Ağazadənin sözlərinə görə, müxalifətin bu qrupunun çalxalanması nəticə etibarı ilə daha realist və prinsiplərə söykənən qüvvələri üzə çıxaracaq: "Azərbaycanda çox yaxşı proses başlayacaq - olduqca yaxşı. Yeni düşüncə gələcək siyasətə: praqmatik, realist və dünyanın bu coğrafiyadakı istək və maraqlarını ölçüb-biçən, hakimiyyətin siyasətini düzgün anlayan, xalqın nə istədiyini, bu proseslərə xalqı necə cəlb etməyin yollarını bilən düşüncə gələcək. Biz bunu 2013-cü il seçkilərində platformamıza qoymuşduq və hesab edirik ki, bu, doğrudur".
2014-01-14
6,388
Lənkəranda və Bakıda ev yandı
Bu gün iki ev yanıb. "Axar.az" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, bir hadisə Lənkəran rayonu, Darquba kəndində baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 122 kv.m olan birmərtəbəli evin 1 otaq və mətbəxinin dam örtüyü ilə tavanının yanar konstruksiyaları 62 kv.m sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Digər bir yanğın hadisəsi isə Bakı şəhəri, Yasamal rayonunda baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 11:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-01-14
6,389
Suriyada daha bir azərbaycanlı öldürülüb - Video
Suriyada Əsəd rejiminə qarşı döyüşən daha bir azərbayanlı öldürülüb. Bu barədə mücahitlərə məxsus saytlar məlumat yayıb (AzVision.az). Həmin şəxsin adı Rauf Xəlilovdur. O, ötən il Suriyaya döyüşmək üçün gedib. R.Xəlilov ölməmişdən öncə Suriyada olarkən ailəsinə video-müraciət ünvanlayıb. O, anasına müraciətində bildirib ki, anası da dünyaya çox bağlı insandır və dünyadan əlini üzsün.
2014-01-14
6,390
Bərə batdı: 300-ə yaxın adam öldü
Cənubi Sudanda Ağ Nil çayında üzən bərənin batması nəticəsində 300-ə yaxın adam ölüb. Bu barədə "France Press" agentliyi Cənubi Sudanın hərbi mənbələrinə istinadən məlumat verir. Məlumata görə, bərədə olanların əksəriyyəti qadın və uşaqlar olub və onların hamısı batıb. Onların Malakal dairəsində silahlı qruplaşmalardan qaçan sakinlər olduğu bildirilib (ANS).
2014-01-14
6,391
Xaçmazdakı at-eşşək qətliamının səbəbkarı tapıldı – Absurd
"Qımılqışlaqda olan at və eşşək cəsədlərinin parçalanmasına əsas ehtimal canavarlardır". Bunu "Axar.az"a açıqlamasında Xaçmazın Qımılqışlaq kəndi polis sahə inspektoru Nəzər Həbibov dedi. O, hadisənin baş verdiyi meşənin yaxınlığında bir pirin yerləşdiyini və ümumiyyətlə, bura girişin olmadığını bildirdi: "Bunun yaxınlığında pir yerləşir. Orada isə çoxlu canavar var. Ehtimal var ki, onları da orada canavar parçalayıb. Mən özüm orada 20-dən artıq canavar görmüşəm". Xaçmaz Rayon Polis Şöbəsinin Növbətçi Hissəsindən isə hadisə ilə bağlı idarəyə heç bir məlumatın daxil olmadığını bildirdilər: "Bizə bununla bağlı heç bir məlumat daxil olmayıb. Ümumiyyətlə, burada istintaq başladılmasına əsas verəcək heç bir şey yoxdur". Xatırladaq ki, Xaçmazın Qımılqışlaq kəndi ərazisindəki meşədə mindən artıq at-eşşək dırnağı və başı tapılıb ki, onların ətinin kəsilərək dönərxanalara verildiyi barədə ciddi şübhələr mövcuddur.
2014-01-14
6,392
Papa Parisdə motosiklet satacaq
Katolik aləminin ruhani lideri Papa Fransiskoya son model Harli-Devidson motosiklet hədiyyə edilib. "Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Harli-Devidson markalı motosiklet firmanın 110-cu ildönümü münasibəti ilə keçirilən mərasimdə Papaya təhvil verilib. Harli-devidson minməsi qeyri-mümkün olan Papanın bu hədiyyəni 6 fevral tarixində Parisdə təşkil ediləcək "Dünyanın ən böyük markaları" sərgisində hərraca təqdim edərək satışa çıxarması gözlənilir. Papanın Harli-Devidson markalı motosikletindən əldə ediləcək gəliri kasıblar arasında bölüşmək istədiyi açıqlanıb.
2014-01-14
6,393
ANS-dən kütləvi ixtisarlarla bağlı - Açıqlama/Yeniləndi
13:32 ANS TV bölgələrdəki müxbir və operatorlarını işdən azad edib. Verilən məlumata görə, ANS TV-nin Göyçay muxbiri Günel İsayeva, operator Təbriz Hacıyev, Qazax üzrə muxbiri Vasif Abdıyev və operator Rəşad Əlisgəndərli, Cəlilabad bürosunun muxbiri Rəhman Məlikov və 13 ildən çox bu tv-də çalışan operator İlqar Mustafayev, Şirvan şəhəri üzrə müxbiri Nəriman Məmmədov və operator Fərid Əliyev işdən çıxarılıb. Qeyd edək ki, işdən çıxarılmalar əvvəlcədən heç bir xəbərdarlıq edilmədən aparılıb. ANS-in bölgə əməkdaşlarına bu barədə məlumat onlar işdən çıxarıldıqları gün verilib (AzNews). *** 14:40 "ANS televiziyasında heç kim işdən çıxarılmayıb, adları çəkilən şəxslər də hazırda bizdə işləyirlər" Bunu ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov telekanalda kütləvi kadr dəyişikliyinin aparılması haqda mətbuatda yayılan xəbərlərlə bağlı açıqlamasında bildirib. M.Məmmədovun sözlərinə görə, yayılan xəbərlər həqiqəti əks etdirmir. "Yalan xəbərdir. Neçənci zəngdir ki, bu barədə məndən soruşulur. Bu xəbərləri niyə yayırlar? İşləri gücləri yoxdur bunların? ANS-in bölgə müxbirləri çoxdur, həm burada, həm də xaricdə. İndi tutaq ki, bir nəfər işdən çıxarlıbsa, bu o deməkdir ki, ANS-də ixtisarlar gedir? Belə xəbərləri yaymaq nəyə lazım?" (AzVision).
2014-01-14
6,394
Şeyx bütün müsəlmanları təbrik etdi - Məktub
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Hz. Muhəmməd (s) peyğəmbərin mövludu münasibəti ilə bütün müsəlmanları təbrik edib. QMİ mətbuat xidmətindən göndərilən təbrikdə deyilir: "Bismillahir-rəhmanir-rəhim! Bəşərə mükəmməl əxlaq nümunəsi və hidayətin çırağı kimi göndərilən Xatəmül-Ənbiya Peyğəmbərimiz Həzrət Muhəmmədin (s) mübarək mövludu münasibətilə bütün xalqımızı və müsəlman dindarlarımızı təbrik edirəm. Aləmlərin Rəbbi yer üzünə göndərdiyi bütün peyğəmbərlərini əxlaqi vəzifələrlə mükəlləf etmiş və onlara öz cəmiyyətlərini islah etmək vəzifəsi verib. Fəqət sonuncu Peyğəmbərimiz Hz.Muhəmmədin (s) mənəvi üstünlüyü onun təkcə mənsub olduğu cəmiyyətə deyil, bütün aləmlərə rəhmət olaraq göndərilməsindədir: وَمَا أَرْسَلْنَاكَ إِلاَّ كَافَّةً لِّلنَّاسِ بَشِيرًا وَنَذِيرًا ... (ص) "Ya Rəsulum! Biz səni (təkcə öz qövmünə deyil), bütün insanlara (Cənnətlə) müjdə verən və (cəhənnəm əzabı ilə) qorxudan bir Peyğəmbər olaraq göndərdik.." (Səbə`,28). Bu gün İslam Peyğəmbərinin məfkurəvi möhtəşəmliyi onun təlqin etdiyi birlik, ədalət, əxlaqi təkamül və bütün bəşəriyyətin mənəvi islahı ideyalarındadır. Bu ideyalar həm müsəlman ümməti, həm bütün qeyri-müsəlmanlar üçün hələ də aktualdır, çünki onun təməlində müasir dünyamızın ziddiyətli problemlərinin mənəvi islahatlar yolu ilə həlli dayanır. Biz, Azərbaycan müsəlmanları, hər şeydən əvvəl, mübarək Mövludun ölkəmizin dini ictimaiyyəti tərəfindən tədbirlər silsiləsi şəklində qeyd olunmasını dövlət müstəqilliyimizin dindarlara bəxş etdiyi etiqad azadlığının bariz nümunəsi kimi dəyərləndirik. Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev Təzəpir məscidində Hz. Məhəmməd (s) Peyğəmbərimizin mübarək Mövludunda iştirak edən və İslam dəyərlərinə müstəsna qiymət verən ilk dövlət rəhbərimiz olmuşdur. Şükürlər olsun ki, bu ənənəyə sadiqlik hissi bu gün də vardır və Hz.Muhəmmədin (s) xatirəsinə layiq olan həm din-dövlət vəhdətinin, həm də məzhəbi vəhdətin nadir nümunəsini ölkəmizdə yaşamaq və bəyan etmək imkanımız mövcuddur. Bir daha mübarək Mövlud həftəsi münasibətilə dindarlarımızı təbrik edir, bu müəzzəm günlərdə hər kəsi Xatəmül-Ənbiyanın aləmlərə örnək olan əxlaqından bəhrələnməyə, onun kamillik məktəbinin davamçıları olmağa dəvət edirəm. Allah-təala hər birimizin yardımçısı olsun, dövlətimizi baqi, ümmətimizi əbədi etsin, inşallah! Vəs-salamu əleykum və rəhmətullahi və bərəkatuh".
2014-01-14
6,395
Bakı Metropoliteni: “Ramiz Mehdiyevin göstərişi var ki...”
"Bakı Metropolitenində 20 Yanvar faciəsi ilə əlaqədar tədbirlər "20 Yanvar" stansiyasında baş tutacaq". Bunu "Axar.az"a açıqlamasında Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva bildirib. O, bununla əlaqədar Prezident Administrasiyasından göstərişlərin gəldiyini bildirib: "Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin göstərişi var ki, bütün müəssisələrdə bununla əlaqədar tədbirlər keçirilsin. Bu il bizdə də həmişə olduğu kimi tədbirlər keçiriləcək. Yenə bu ildə tədbirlərin "20 Yanvar" stansiyasında keçirilməsi planlaşdırılır".
2014-01-14
6,396
Silah satıcısı “iş başında” tutuldu
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şamaxıda silah satan şəxsi yaxalayıb. "Axar.az"ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Namiq Əmirov "AKMS" markalı avtomat silahı satarkən tutulub. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
2014-01-14
6,397
Şeyxin qarajından inanılmaz görüntülər - Video
Maşınları ilə daim gündəmdə olan Dubay Şeyxi Əl Maktumun qarajının videosu "Yutub" video şəbəkəsində maraqla izlənir. "Axar.az"ın təqdim etdiyi videoda Əl-Maktumun maşın qarajındakı yüzlərlə maşını izləyə bilərsiniz. Bu videonun çəkildiyi tarixdən sonra Əl Maktum qiyməti 8.2 milyon dollar olan "super bus" adlanan yeni avtomobil də alıb. 23 sərnişin yeri olan qeyri-adi maşın Hollandiyada, Delft Texnologiya Universitetində sözün əsil mənasında yaradılıb. Yaradıcı qrupa hollandlar arasında ilk dəfə kosmosda olan, 1985-ci ildə orbitə çıxmış professor Ubbo Oskels rəhbərlik edib. "Maşın-avtobusu" yaradan qrupda "Formula-1" avtoçempionatının aerodinamika üzrə mütəxəssisləri də olub. "Super Lamborgini"yə bənzəyən tünd-göy rəngli super avtobus 250 km/saat sürətlə hərəkət edə bilir. Uzunluğu 15, eni 2,5, hündürlüyü isə 1,65 metr olan maşın Dubayla Əbu-Dabi arasındakı 120 kilometrlik məsafəni yarım saatdan da az vaxta qət edir.
2014-01-14
6,398
Hava şəraiti Gəncədə 9 can aldı - SOS
Dünən Gəncədə hava şəraitinin dəyişməsi səhhətində problem olanlara pis təsir edib. "Axar.az" "Apa" ya istinadən xəbər verir ki, Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının şöbə müdiri Ziyafət Məmmədovanın verdiyi məlumata görə, ötən gün stansiyaya 297 çağırış daxil olub ki, bu da adi günlərdəkindən təxminən 100 çağırış çoxdur. Məlumata görə, hava şəraitinin dəyişməsi dünən və bu gün Gəncədə 9 nəfərin ölümünə səbəb olub. Stansiyadan bildiriblər ki, ölənlər əsasən ürək damar, şəkərli diabet və insult xəstəliklərindən əziyyət çəkənlər olub. Məlumata görə, Gəncədə yuxarı tənəffüs yollarının xəstəlikləri ilə bağlı şikayətlərin sayı da artıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildiriblər ki, daxil olan 297 çağırışın əksəriyyəti qrip virusundan əziyyət çəkənlərə yardım edilməsinin payına düşüb.
2014-01-14
6,399
Almas İldırımın ölümündən 62 il ötdü
Bu gün Azərbaycanın mühacir şairi Almas İldırımın ölümünün 62-ci ildönümüdür. Almas İldırım 1907-ci il mart ayının 25-də Bakının Qala kəndində anadan olub. Şair sağalmaz böyrək xəstəliyinə tutulub, çox yoxsul, acınacaqlı həyat sürüb. Almas İldırım sürgün həyatı yaşadığından şeirlərinin əsas məzmununu da vətən həsrəti təşkil edib. Sürgündə olduğu illərdə şair "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazıb. O, Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olub, ibtidai məktəbdə dərs deyib. Almas İldırım14 yanvar 1952-ci ildə Türkiyənin Elazığ şəhərində dünyasını dəyişib .
2014-01-14
6,400
Bu gün rejissor Tofiq Kazımovun doğum günüdür
Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır. Tofiq Kazımov 1923-cü il yanvarın 14-də şair Səməd Mənsurun ailəsində doğulub. Səməd Mənsur o dövrdə Bakının bir sıra mədəni-maarif cəmiyyətlərinin, teatr truppalarının rəhbərlərindən olub. Rejissor uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş rejissor vəzifəsində fəaliyyət göstərib. Şekspirin "Antoni və Kleopatra", "Hamlet", "Fırtına", İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", "Bağlardan gələn səs", Cəlil Məmmədquluzadənin "Ölülər", Cəfər Cabbarlının "Aydın", Məmməd Səid Ordubadinin "Qılınc və qələm", Şıxəli Qurbanovun "Sənsiz" əsərlərinə və başqa tamaşalara quruluş verib. Tofiq Kazımov 1980-ci ildə Bakıda vəfat edib, məzarı İkinci Fəxri Xiyabandadır.
2014-01-14
6,401
Səlim Müslümov əlillərə hədiyyə hazırlayır
Əlil vətəndaşlara səyyar formada protez-ortopedik bərpa xidməti göstəriləcək. Bu barədə "Axar.az"a Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda nazirliyin Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət 2 səyyar tibbi-texniki briqadanın növbəti dəfə respublikanın cənub bölgəsində yaşayan əlilləri protez-ortopedik xidmətlə təmin edəcəyi bildirilib. Bu məqsədlə briqadalardan birinin yanvarın 17-də nazirliyin Lənkəran rayonundakı Əlillərin Regional Bərpa Mərkəzində, digərinin isə yanvarın 18-də Masallı rayon mərkəzi xəstəxanasında olacağı qeyd edilib. İki gün ərzində Lənkəran, Lerik, Yardımlı, Astara, Masallı və Cəlilabad rayonlarından 170 əlil şəxsə və sağlamlıq imkanları məhdud uşağa xidmət göstəriləcəyi söylənilib. Nazirlik il ərzində səyyar protez-ortopediya xidmətinin ölkənin bütün bölgələrini əhatə edəcəyini bildirib. Qeyd edək ki, ötən ay briqadalar tərəfindən Sabirabad, Saatlı, İmişli, Beyləqan və Füzuli rayonlarında yaşayan 100 nəfərdən çox əlil şəxsə xidmət göstərilmişdi.
2014-01-14
6,402
Sahib İslamov Şamaxı Xəstəxanasına köçürülür
Artıq 3 aydır ki, avtomobil qəzası nəticəsində komaya düşən Avropa.info saytının əməkdaşı Sahib İslamovun bu dəqiqələrdə Musa Nağıyev adına təcili tibbi yardım xəstəxanasından Şamaxı rayon xəstəxanasına köçürülməsi prosesi başlayıb. Bu haqda Avropa.info-nun direktoru Ruslan Bəşirli məlumat verib. Onun dediyinə görə bu gün səhər saatlarında Səhiyyə Nazirliyində Sahib İslamovla bağlı kollegiya iclası keçirilib. "Kollegiya iclsından dərhal sonra Səhiyyə Nazirliyinin qərarı ilə Azərbaycanda olan tanınmış, ABŞ və Türkiyədə təhsil almış həkim nevrocərrah Fərid Qaralov Sahib İslamovu müayinə etdi. Lakin təəssüf ki, Fərid Qaralovun rəyi də dünən Səhiyyə Nazirliyinin həkimlərinin rəyindən fərqlənmədi. Sahib İslamovun beyin qabığında vegetativ vəziyyət yaranıb ki, onu da dünyanın heç bir yerində müalicə etmək mümkün deyil. Onun beyin qabığının bütün hüceyrələri demək olar ki məhv olub. Hər halda həkimlər belə deyirlər. Qeyd edim ki, jurnalistlərin Sahiblə bağlı prezidentə müraciətindən sonra Səhiyyə Nazirliyi onun sağalması üçün əlindən gələni edir. Lakin təəssüf ki, vəziyyət bu cürdür. Həkim Fərid Qaralov mənimlə və Sahibin qardaşı Aqil İslamovla söhbətində açıq-aydın dedi ki, həkimik bəlli bir yerə qədərdir. Hər şey Allahın istəyinə bağlıdır." R Bəşirli bildirib ki, Sahib İslamovun bundan sonrakı bütün müalicəsini dovlət öz üzərinə götürüb. " Sahib İslamov əslən Şamaxı rayonundan olduğuna görə yaxınlarının razılığı əsasında o Şamaxı rayon xəstəxanasına köçürülür. Artıq Şamaxı rayon xəstəxanasına Səhiyyə Nazirliyindən bu barədə ciddi tapşırıq verilib və Sahib İslamov orada ayrıca palatada saxlanılacaq. Bizim dostumuz dünyanın heç bir yerində müalicəsi olmayan xəstəliklə üz-üzədir. Biz ancaq Allaha tavəkkül etməli və dualarımızı Sahib üçün əsirgəməməliyik."
2014-01-14
6,403
Azərbaycanlıların Moskvadakı bazarı yenidən açıldı
Brilyovadakı "Pokrov" meyvə-tərəvəz bazası fəaliyyətini bərpa edir. "Axar.az" məlumat verir ki, bu açıqlama ilə bazarın məxsus olduğu "Novıye Çeremuşki" şirkətinin vəkili Sergey Xudyakov çıxış edib. O, artıq bazaya qoyulmuş 90 günlük qadağanın bitdiyini bildirib. S.Xudaykov yaxın günlərdə şirkətin əməkdaşlarının işlərinə geri qayıdacağını söyləyib. O, rəhbərliyin hər şeyi yenidən nəzərdən keçirib, bir daha heç bir qanun pozuntusuna yol vermək niyyətində olmadığını deyib. Brilyovadakı "Pokrov" meyvə-tərəvəz bazası bir müddət öncə qanun pozuntuları səbəbilə 90 günlüyünə bağlanmışdı. Moskva meri Sergey Sobyanin isə hətta bazarın fəaliyyətinin bir daha bərpa edilməyəcəyini də bildirmişdi. Xatırladaq ki, "Pokrov" ərzaq bazasının fəaliyyətini dayandırmasına həm də azərbaycanlı miqrant Orxan Zeynalovun yerli vətəndaşlardan birini öldürməsindən sonra rayon sakinlərinin gəlmələrlə bağlı etdiyi şikayət səbəb olmuşdu. Bununla bərabər həmin dövrdə mətbuat bazanın rəhbərlərindən birinin azərbaycanlı olduğu haqqında məlumat da yaymışdı.
2014-01-14
6,404
Əsəd humanitar yardım dəhlizini lağa qoydu
Həqiqətdən çox illüziyaya oxşayır Müxalifyönlü Suriya Milli Koalisiyası ilə 11 ölkənin Xarici İşlər nazirinin qatıldığı yığıncaqda Suriyanın humanitar yardım dəhlizinin açılması təkliflərinə mülayim yanaşdığı bildirilib. Verilən açıqlamaya görə, müxaliflər və Suriya rejimi humanitar dəhlizin açılması haqqında düşünəcək. "Axar.az" Türkiyə mətbuatına istinadən məlumat verir ki, Con Kerri və Sergey Lavrov bildiriblər ki, gələn həftə təşkil ediləcək sülh konfransının başlanğıcında regional atəşkəslər barədə müzakirələr olacaq. Əsir mübadiləsi də müzakirə edilən mövzular arasındadır. Kerri Hələb ilə başlayan regional atəşkəsin genişlənməsi mövzusunda müzakirə apardıqlarını dilə gətirib. Eyni zamanda, Əsədin qoşunlarının əlində olan və kimyəvi hücum ilə gündəmdə olan Şərqi Quta bölgəsini açmağa hazır olduğunu da bildirib. Lavrov isə bütün Suriyalı tərəflərə regional atəşkəs elan etməyə dair siqnallar göndərməyə çalışacaqlarını deyib. Suriya hökuməti isə bu müzakirələrlə bağlı belə bir açıqlama verib: "Həqiqətdən çox illüziyaya yaxındır, bu, hər hansı bir siyasi məntiqdən uzaq alınmış qərardır".
2014-01-14
6,405
Türkiyənin Suriya siyasəti dəyişə bilər - İddia
"Əhməd Davudoğlunun Suriya ilə bağlı siyasəti dəyişə bilər". "Axar.az" məlumat verir ki, bu iddia ilə "Qolos Rosiyi" radiosu çıxış edib. Radio Davudoğlunun Bəşər Əsədi "pisin yaxşısı" adlandırması ilə əlaqədar olaraq bu iddianı ortaya atıb: "Davudoğlu bir müddət öncə Bəşər Əsədi islami qruplarla müqayisədə "pisin yaxşısı" adlandırıb. Bununla yanaşı isə o, "Hizbullah" da daxil olmaqla bütün radikal islam qruplarının ölkədən çıxmasının vacibliyini bildirmişdi".
2014-01-14
6,406
DİN-dən at-eşşək cəsədlərinə açıqlama – Rəsmi
"Meşədə tapılan hər heyvan qalığına görə cinayət işi qaldırılmaz..." Bunu "Axar.az"a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov dedi. O, Xaçmaz rayon sakinləri tərəfindən polisə şikayət əsaslı müraciətindən sonra polisin müvafiq araşdırmalara başlaya biləcəyini bildirdi: "Xaçmaz rayon sakinləri tərəfindən onlara məxsus nə minik və yük heyvanlarının oğurlanması, nə də belə heyvanların kəsilərək ətinin əhaliyə satılması ilə bağlı yerli polisə şikayət əsaslı müraciət olunub. Əgər kimdəsə belə konkret faktlar, məlumatlar varsa, buyursun, müraciət etsin. Yalnız bundan sonra polis müvafiq araşdırmalara başlaya bilər. Yoxsa, meşədə tapılan hər heyvan qalığına görə cinayət işi qaldırılmaz..." Buna baxmayaraq, E.Zahidov bu gün mətbuatda gedən məlumatların polisin bu istiqamətdəki fəaliyyətini daha da artırmağa əsas verəcəyini deyib. Qeyd edək ki, bu gün Xaçmaz rayon Qımılqışlaq kəndindəki meşədən 1000-dən çox at və eşşək cəsədi tapılıb. Onların ətinin kəsilərək dönərxanalara verildiyi barədə ciddi şübhələr mövcuddur. Xaçmaz Rayon Polis Şöbəsinin Növbətçi Hissəsi isə hadisə üzərindən bir neçə saat keçməsinə baxmayaraq, saytımıza idarəyə heç bir məlumat daxil olmadığını bildirmişdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə meşədə tapılan at-eşşək qalıqlarının aktlaşdırıldığı və araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət olunduğu ilə bağlı mediaya açıqlama verilib.
2014-01-14
6,407
Azərbaycana qarşı “Made in Armenia” təxribatı - Analiz
Ermənistan 2014-cü ilin may ayında Gömrük İttifaqına üzvlük sazişi imzalamağa hazırlaşır. Ancaq bu proses Ermənistan üçün rahat keçməyəcək. İyun ayında Gömrük İttifaqına üzv dövlətlərin parlamentləri Ermənistanın üzvlüyünü səsverməyə çıxarmalıdır. Əlbəttə, Ermənistanı Avropa Birliyi ilə assosiativ saziş əvəzinə Gömrük İttifaqına üzv olmağa məcbur edən Kreml Dövlət Dumasında bu məsələni asanlıqla həll edəcək. Ancaq eyni sözləri Belarus və Qazaxıstan parlamentləri haqqında söyləmək çətindir. Hər iki dövlətin Azərbaycanla sıx əlaqəsi var və Astana ilə Minsk Ermənistanın üzvlük məsələsində Bakının maraqlarının nəzərə alınmasının tərəfdarıdır. Hətta Gömrük İttifaqına üzvlüyə hazırlaşan Qırğızıstan da Azərbaycanın mövqeyini müdafiə edir. Qazaxıstan prezidenti Nursultan Nazarbayev ötən il dekabrın 24-də Avrasiya İqtisadi Birliyinin toplantısında Ermənistanın Gömrük İttifaqına üzvlüyünə bir şərtlə razılaşacağını bildirdi ki, Yerevan Dağlıq Qarabağla əlaqələr məsələsinə aydınlıq gətirsin. Məsələ bundadır ki, Ermənistan Gömrük İttifaqına üzv olduqdan sonra Dağlıq Qarabağ malları da Ermənistan üzərindən Gömrük İttifaqı üzv ölkələrinin bazarlarına asanlıqla yol tapa bilər. Ermənistan hakimiyyəti Gömrük İttifaqına üzv olduqdan sonra Dağlıq Qarabağ iqtisadiyyatını bu prosesə qatacağını heç gizlətmir də. Nursultan Nazarbayevin bəyanatı rəsmi Bakını da hərəkətə keçirdi. Qazaxıstan prezidentinin açıqlamasından 3 gün sonra Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov açıqlama verərək Azərbaycanın ərazi bütövlüyü məsələsi həll olunmayana və işğal altındakı torpaqlar geri qaytarılmayana qədər rəsmi Bakının Ermənistanın Gömrük İttifaqına üzvlüyünün əleyhinə olduğunu vurğuladı. Kreml isə Bakının narahatlığına açıq-aşkar soyuq yanaşır. Belarus və Qazaxıstan prezidentləri Aleksandr Lukaşenko ilə Nursultan Nazarbayev Ermənistanın üzvlüyü məsələsində Azərbaycanın haqlı maraqlarının nəzərə alınması vacibliyini deyərkən Rusiya prezidenti Vladimir Putin susurdu, bu etirazlara reaksiya bildirmirdi. Putin heç yerdə demədi ki, Dağlıq Qarabağda istehsal olunan malların Ermənistan üzərindən ortaq bazara çıxışına imkan verməyəcək. Rusiyanın özü müstəqilliklərini tanıdığı separatçı Abxaziya və Cənubi Osetiyanın mallarını Gömrük İttifaqı çərçivəsində ortaq bazara çıxarmağı planlaşdırır. Kreml Bakı ilə münasibətlər pozulmasına deyə Dağlıq Qarabağa birbaşa dəstək verməyəcək, ancaq Dağlıq Qarabağ mallarının Ermənistan üzərindən ortaq bazara çıxarılmasına mane olmayacaq. Bu, bir növ Rusiya-Ermənistan hərbi sazişlərinə bənzəyir. Rusiya Ermənistana yeni silah və hərbi texnika göndərir, həmin silah və hərbi texnikanın müəyyən bir hissəsi isə az sonra Dağlıq Qarabağda peyda olur. Yəni faktiki Rusiya Ermənistan üzərindən Dağlıq Qarabağ separatçılarına hərbi dəstək vermiş olur. Aydındır ki, rəsmi Bakı Ermənistanın Gömrük İttifaqına üzvlüyünə mane ola bilməyəcək. Buna baxmayaraq Azərbaycan iki yolla Yerevana Gömrük İttifaqında əlavə problemlər yarada bilər. Birincisi, Azərbaycan Gömrük İttifaqındakı tərəfdaşları – Belarus, Qazaxıstan və Qırğızıstanla diplomatik təmaslarını genişləndirərək bu dövlətlər vasitəsilə Ermənistanın ortaq bazara çıxarmağa çalışdığı mallar üzərindəki nəzarətini gücləndirməyə çalışmalıdır. İkincisi, Bakı "Made in Armenia" adı altında Dağlıq Qarabağ mallarının çeşidini müəyyənləşdirərək tərəfdaşlarını bu haqda daima məlumatlandıra bilər ki, Yerevan Minsk, Astana və Bişkekin təzyiqinə məruz qalsın (Mediaforum).
2014-01-14
6,408
ANS-dən daha 4 nəfər işdən çıxarıldı
ANS TV-nin "Xəbərçi" redaksiyasında müxbir vəzifəsində çalışan İsmayıl Fətəliyev, operatorlar Feyruz Ağayev ve Taleh Mikayılov da işdən azad edilib. Bu barədə ANS-dəki həmkarlarımızdan "Axar.az"a məlumat verilib. "ANS-ÇM" radiosunda çalışan Valid Əliyevin də işdən azad edilənlər siyahısında olduğunu və bütün redaksiyalarda kütləvi ixtisarlar getdiyini bildirən həmkarımızın sözlərinə görə, kanalda işdən çıxarılanlar əsasən yeni işçilərdir: - Bir müddət öncə Mirşahin Ağayev yeni kadrları işə cəlb edib. Adətən həmin kadrlar kurs keçəndən sonra ANS-də qalıb çalışırlar. Ancaq bu dəfə elə olmadı. Həmin kadrların hamısı işdən azad edildi. Xatırladaq ki, "Aznevs.az" saytı bu gün ANS TV-nin Göyçay muxbiri Günel İsayeva, operator Təbriz Hacıyev, Qazax üzrə muxbiri Vasif Abdıyev və operator Rəşad Əlisgəndərli, Cəlilabad bürosunun muxbiri Rəhman Məlikov və 13 ildən çox bu TV-də çalışan operator İlqar Mustafayev, Şirvan şəhəri üzrə müxbiri Nəriman Məmmədov və operator Fərid Əliyev işdən çıxarıldığı barədə xəbər yayıb. ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov isə ANS TV-də kütləvi ixtisarları inkar edərək, xəbərləri dolayısı ilə təsdiqləyib: "İndi tutaq ki, bir nəfər işdən çıxarlıbsa, bu o deməkdir ki, ANS-də ixtisarlar gedir?" Əlavə edək ki, işdən çıxarılanların sayı bir nəfərlə məhdudlaşmır.
2014-01-14
6,409
Polis kiçik sahibkarların obyektlərini dağıtdı
Bakıda mətbuat yayımı ilə məşğul olan bir qrup kiçik sahibkarların obyektləri dağıdılıb. Bu barədə sahibkarların özləri şikayət ediblər. Onların sözlərinə görə, Səbail rayonu ərazisində Bakı şəhər İcra Hakimiyyətinin xüsusi icazəsi əsasında şəhərin mərkəzində qəzet və jurnalların satışı ilə məşğul olurlar. Lakin Səbail rayon Polis İdarəsi əməkdaşları onların işinə mane olaraq, obyektlərini dağıdıblar. Sahibkar İbad Manafov açıqlamasında bildirib ki, polis əllərində icazə sənədi olmalarına baxmayaraq, satışın qabağını alıb. O, problemlə bağlı aidiyyatlı orqanlara müraciət etdiklərini bildirdi. "Qəzet və jurnal satış məntəqələri bağlayıblar. Biz bununla əlaqədar bir çox dövlət müəssisələrinə, hüquq-mühafizə orqanlarına və Mətbuat Şurasına müraciət etdik. Lakin problemlə bağlı müraciət etdiyimiz salahiyyətli kəslər bizə heç bir yardım etmədi. İcra Hakimiyyətindən bildiriblər ki, biz icazə vermişik. Əlimizdə icazə kağızı da var. Amam polis buna əhəmiyyət vermir" söyləyən İbad Manafov bildirib. Əfqanıstan veteranı Arif Əsgərov da açqılamasında Səbail rayon polis idarəsinin işçiləri şəhərin mərkəzi küçələrindəki dörd qəzet satışı nöqtəsini bağlamasından şikayətlənib. Onun sözlərinə görə, yeganə qazanc yeri bağlanarsa, onun və ailəsinin maddi durumu pisləşəcək. "Biz icazə almışıq. Hər ay vergi də ödəyirk. Yeganə qazanc yerim burdandır. Bura da bağlansa, ailəm çörəkpulusuz qalacaq. Qalmışam naəlac", - deyə Arif Əsgərov şikayətlənib. Məsələ ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin rəhbəri Əliabbas Bağırov açıqlamasında onlara da bu barədə şikayət daxil olduğunu bildirib. "Biz onlara icazə vermişik. Onların əksəriyyəti veteran, şəhid ailəsidir. Biz polislə də əlaqə saxlamışıq. Çalışırıq ki, problem həll olunsun. Bu işi diqqətdə saxlamışıq", - deyə Əliabbas Bağırov vurğulayıb. Polisin qəzet və jurnal satışının qarşısının alma səbəblərini öyrənmək üçün Səbail rayon Polis İdarəsilə əlaqə saxladıq. İdarədən bildirdilər ki, qəzet və jurnallar küçədə kustar üsulu ilə düzəldilən vitrinlərdə satılır. Bu da qanunsuz küçə ticarətidir. Polis də şəhərin təmizliyini qorumağa çalışır. Məsələ Daxili İşlər Nazirliyində araşdırılacaq. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məsələ araşdırılacaq.(ANS)
2014-01-14
6,410
ANS-in işdən çıxarılan əməkdaşı danışdı
"ANS televiziya kanalından işdən azad edilməyim özümdən asılı olmayan səbəblərdən baş verib". Bunu açıqlamasında ANS-in Şirvan şəhəri üzrə keçmiş müxbiri Nəriman Hüseynov deyib. O bildirib ki, işdən çıxarılması ilə bağlı mediada yayılan xəbər həqiqətə uyğundur və artıq dekabrın ortalarından kanalla əməkdaşlığını dayandırıb. O, işdən azad edilməsinin səbəbləri haqqında da danışıb: "ANS -dən çıxmağım özümdən asılı səbəblərdən deyil. Digərləri necə işdən uzaqlaşdırılıblarsa, mənim də işdən çıxmağım bu formada olub. Sadəcə sözügedən həmkarlarımdan fərqli olaraq məni daha əvvəl, dekabr ayında işdən kənarlaşdırdılar. Mənimlə birgə çalışan operator Fərid Əliyev isə ANS-in mərkəzi ofisinə aparıldı". N. Hüseynov Fərid Əliyevin isə ötən gün işdən azad edildiyini söyləyib: "Dünən də onu eyni səbəbdən işdən azad ediblər. Ona deyiblər ki, əgər bu adamlar bölgədə ixtisara salınıblarsa, gəlib mərkəzdə işini davam etdirə bilməzlər". Qeyd edək ki, AzNews.az-a daxil olan məlumata görə, ANS-in Göyçay muxbiri Günel İsayeva, operator Təbriz Hacıyev, Qazax üzrə müxbiri Vasif Abdıyev və operator Rəşad Əlisgəndərli, Cəlilabad bürosunun müxbiri Rəhman Məlikov və 13 ildən çox bu TV-də çalışan operator İlqar Mustafayev, Şirvan şəhəri üzrə müxbiri Nəriman Hüseynov və operator Fərid Əliyev işdən çıxarılıb. Maraqlıdır ki, ANS-in mətbuat xidmətinin rəhbəri Mais Məmmədov isə kütləvi çıxarılmaların baş vermədiyini bildirib (AzNews).
2014-01-14
6,411
Sabir Rüstəmxanlı: “Bu cür ittihamlar yolverilməzdir”
"Milli Şuranın heç bir toplantısında və tədbirində iştirak etməmişəm. Tərəflər arasındakı qarşıdurma barəsində nəsə deməyim düz çıxmaz". Bu sözləri "Axar.az"a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri və millət vəkili Sabir Rüstəmxanlı AXCP və Müsavat partiyasından olan siyasətçilərin arasında gedən davadan danışarkən dedi. O bildirdi ki, kiminsə haqlı və ya haqsız olduğunu demək fikri yoxdur və hər iki tərəfin digərinə hörmət etməsi vacibdir: "Hazırda üzbəüz gələn insanların hamısı Meydan Hərəkatında bir addımlayan insanlardır. Siyasi maraqlara görə birinin digərinə təhqir söyləməsi yolverilməzdir. Partiyalararası münasibətlərin formasından asılı olmayaraq, şəxslər bir-birini təhqir etməməlidir". Partiyalar arasındakı davadan danışan millət vəkili bildirdi ki, bu cür davalar artıq Azərbaycan siyasətində adət halını alıb və bu da çox pis haldır: "Onsuz da Azərbaycanın siyasi həyatındakı proseslər göz qabağındadır. Kim seçkiyə necə hazırlaşır, kimin əli kimin cibindədir və s. bu kimi ittihamları 20 ildir ki, izləyirik. Partiyalar və onların mətbu orqanlarında qarşılıqlı ittihamların yazılması da ilk dəfə baş vermir. Bu cür çıxışlar və yazılar Azərbaycan siyasətində vərdiş edilmiş hala çevrilib. Çirkin və təhqiramiz fikirlərin mətbuatda yer almasına imkan verilməməlidir".
2014-01-14
6,412
Hərbçilərimizin yemək payı artırıldı
Azərbaycanın Silahlı Qüvvələrində xidmət edənlərin qida rasionunda dəyişiklərin ediləcəyi gözlənilir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı BBC Azərbaycancaya deyib ki, qida rasionuna ərzaq payının kaloriliyinin artırılması məqsədilə yeni quru ərzaqlar daxil ediləcək: "Biz silahlı qüvvələrdə xidmət edənlərin daha yaxşı yeməklə təmin olunması üçün yüz qram paştet və qatılaşdırılmış süd kimi məhsulları qida rasionuna daxil etməyi təklif etmişik". Nazirlik rəsmisi deyir ki, bununla gündəlik olaraq qəbul edilən qidaların kolorisi 3700-4000-ə çatdırılacaq. Cənab Dərgahlı Nazirlər Kabinetinin (NK) qərarı ilə ötən il hərbçilər üçün adambaşına düşən ərzaq rasionunun müəyyənləşdirildiyini deyib. "Biz təkliflərimizi hazırlayıb Nazirlər Kabinetinə təqdim etmişik və bununla bağlı qərarı onlar verəcək", nazirlik sözçüsü əlavə edib. Hərbi ekspert Üzeyir Cəfərov BBC Azərbaycancaya deyib ki, NK-nın qərarına qədər əsgərlərin qida rasionunda Sovet dövründən qalma yeməklər olub. "Bu dəyişiklikdən sonra artıq şənbə və bazar günü qida rasionuna salınan yumurtanın sayı artıb, meyvə və çərəzlər verilməyə başlanıb", cənab Cəfərov bildirib. Silahlı qüvvələrdə milli yeməklərin olmasının zəruriliyindən danışan hərbi ekspert deyib ki, son dəyişiklikdən sonra zabitlərin qida rasioununda dəyişiklik hiss olunmayıb. "Əvvəllər zabitlər 64 manat yemək pulu alırdılar və indi də bu rəqəmi alırlar. Bu qərar əsgərlərin qida rasionunun çoxçeşidli olmasına xidmət etsə də, Azərbaycan silahlı qüvvələrində bəzi ət və balıq məhsulları Sovet dövründə olduğu kimi xaricdən gətirilir", o əlavə edib. NK-nin qərarına qədər Silahlı Qüvvələrdə hərbçilərin qidalanması 1992-ci ildə təsdiq olunmuş ümumqoşun ərzaq payı normaları əsasında həyata keçirilib. Yeni siyahıda əsgərin gündəlik qidalanması üçün müəyyən edilmiş qida məhsullarının sayı 28-dən 24-ə endirilib. Siyahıya pendir və cem, hər gün yumurta verilməsi (əvvəllər həftədə 1 dəfə) əlavə olunub.
2014-01-14
6,413
Avşarların etirazı: “Qatil azadlıqda gəzir”
Bu gün BMM-də dekabrın 30-da Ağcabədi rayonu Avşar kəndində Zahid Qarayevin ölümü ilə nəticələnən silahlı insidentlə bağlı mətbuat konfransı keçirilib. "Axar.az"ın mətbuat konfransında iştirak edən müxbiri xəbər verir ki, konfransda çıxış edən Milli Qəhrəman Namiq Abdullayevin ailə üzvləri Zahid Qarayevin ölümü ilə bağlı açılan cinayət işinin gedişinə etiraz ediblər. Mərhumun qardaşı oğlu İqbal Abdullayev bildirdi ki, Zahid Qarayevi istintaqın gedişində şübhəli şəxs qismində həbs edilən Anar Baxşəliyev deyil, indi azadlıqda gəzən Yadigar Ağayev öldürüb. Mərhumun ailə üzvləri həmçinin cinayət işinə Ağır Cinayətlərə Dair Məhkəmədə baxılmasını tələb edirlər. Onlar həm də Ağcəbədi Rayon Prokurorunun köməkçisi Ərəstun Quliyevindən də şikayətçidirlər və istintaqın şəffaf aparılması xahişi ilə ölkə prezidenti İlham Əliyevə müraciət ediblər. Xatırladaq ki, dekabrın 30-da Ağcabədi rayonunda silahlı insident baş verib. Avşar kəndində baş vermiş silahlı insident zamanı şəhid Milli Qəhrəman Namiq Abdullayevin qardaşı Vüsal Abdullayevi vurmaq istəyən kənd sakinləri Zaur və Anar Baxşəliyevlər onun yaşadığı evin həyətinə gəliblər. Elə bu zaman V.Abdullayevə atılan güllələr onun əmisi Zahid Qarayevə dəyib.
2014-01-14
6,414
Xələf Xələfov Meksika Senatının nümayəndəsi ilə görüşdü
Xarici İşlər nazirinin müavini Xələf Xələfov Meksika Senatının nümayəndə heyətini qəbul edib. Bu barədə "Axar.az"a Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat veriblər. Nümayəndə heyətinə senatın xarici əlaqələr komitəsinin sədri senator Qabriela Cuevas Barron rəhbərlik edib. Görüş əsnasında nazir müavini Azərbaycanın Latın Amerikası ölkələri və Meksika ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edərək, ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün əlverişli imkanların olduğunu diqqətə çatdırıb. Azərbaycan ilə Meksika arasında mövcud siyasi əlaqələrin səviyyəsinin məmnunluq doğurduğunu deyən Xələf Xələfov əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələrin xüsusi rola malik olduğunu vurğulayıb. Nazir müavini Meksikanın qanunverici orqanında Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar qəbul edilmiş sənədlərin yüksək qiymətləndirildiyini qeyd edib.
2014-01-14
6,415
Azərbaycanlı politoloqdan türk köşə yazarına cavab
"Konqresin erməni soyqırımını tanıması mənasız bir şeydir". Bunu "Axar.az"a açıqlamasında siyasi ekspert Zərdüşt Əlizadə dedi. O, erməni soyqırımı ilə bağlı qanunun Konqres tərəfindən tanınmayacağını bildirdi: "Malı mala qatmaq lazım deyil. ABŞ konqresi erməni soyqırımını tanıyan qanunu qəbul etməyəcək. Bu halda ABŞ Türkiyəyə təzyiq vasitələrindən birini itirəcək. Bu isə Amerikaya lazım deyil". Qeyd edək ki, bu gün "Today`s Zaman" qəzetinin köşə yazarı Lalə Kamal Türkiyədəki korrupsiya əməliyyatlarının ABŞ Konqresinin erməni soyqırımını tanımasına gətirib çıxaracağını yazıb. O buna səbəb kimi baş nazir Rəcəb Tayyib Ərdoğanın ölkədəki proseslərdə xaricdəki qüvvələri, xüsusilə ABŞ-ı günahlandırmasını göstərib. L.Kamal bununla bərabər Senatın Xarici Məsələlər üzrə komissiyasının rəhbəri Robert Menendezin üzərində erməni lobbisinin təsirinin güclü olduğunu və Baş nazirin addımlarının bunu tezləşdirəcəyini bildirib.
2014-01-14
6,416
Daxili İşlər nazirini belə döydülər - Video
Ukraynanın keçmiş Daxili İşlər naziri Yuri Luçenkonun döyülmə kadrları sosial şəbəkələrdə yerləşdirilib. "Axar.az" məlumat verir ki, bu barədə informasiya Ukrayna mətbuatında yayılıb. Kadrlarda Y.Luçenkonu döyənlərin "Berkut" xüsusi təyinatlı döyüşçülərinin olduğu bəlli olub. Qeyd edək ki, Y. Luçenko yanvarın 11-də "Berkut"la "Avtomaydan" arasında yaranmış qarşıdurma zamanı döyülmüşdü. Videonu təqdim edirik.
2014-01-14
6,417
Zakir Həsənov Mühafizə Alayının komandirini işdən çıxardı
Müdafiə Nazirliyində yenidən kadr dəyişikliyi olub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Mühafizə Alayının komandiri, polkovnik-leytenant Sadiq Yəhyazadə vəzifəsindən azad olunub. Bu vəzifəyə ölkənin qərb bölgəsində yerləşən hərbi hissələrdən birinin komandiri təyin edilib.
2014-01-14
6,418
Azәrbaycanlı milyarderlәrin bazarı rəsmən bağlandı
Moskvada fəaliyyət göstərən ən böyük meyvə-tərəvəz bazarı "Sadovod" bağlanır. Bu barədə Rusiyanın dövlət şirkəti Rospotrebnadzor məlumat ayıb. "Axar.az"ın xəbərinə görə, bazar sanitar-gigenik standartlara cavab vermədiyinə görə qapadılır və onun nə vaxt açılacağı bəlli deyil. Xatırladaq ki, bir qədər əvvəl Dövlət Dumasının deputatı Andrey Tumanov "Sadovod" bazarı uğrunda klanlararası mübarizə getdiyini bildirmişdi: "Bu bazar ikinci "Çerkizovsk" bazarına çevrilib. Vaxtilə "Çerkizovsk" bağlananda onun "sakinlərinin" çoxu bu bazara yığışdı. "Sadovod"da tez-tez kriminal "razborkalar" olur. Bu bazar bağlanmalıdır". Bazarın gerçək sahibləri əslən Qubadan olan milyarderlər Qod Nisanov və Zarah İliyevdir. Amma Moskvada heç kimə sirr də deyil ki, bazarda Putinin dostu İlham Rəhimovun da payı var. Qubalı milyarderləri isə məhz Rəhimov himayə edir.
2014-01-14
6,419
Naxçıvanın 90 illiyi keçiriləcək – Sərəncam
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. "Axar.az"ın məlumatına görə, Sərəncamda qeyd olunur ki, 2014-cü il fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi tamam olur: "Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır. Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır. Bu gün yüksək potensiala malik muxtar respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır. Naxçıvan hazırda mötəbər beynəlxalq tədbirlərin təşkil olunduğu məkana çevrilmişdir. Naxçıvan Muxtar Respublikasının yaradılmasının Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsi olduğunu nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunsun. 2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin. 3. Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tövsiyə edilsin. 4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
2014-01-14
6,420
Mircəfər Bağırov “oğlunu” kələ qoşub sürütdürdü - Reportaj
(Əvvəli ötən sayımızda) Bu kənd 1922-ci ildə, Qarazəncir kəndinə yaxın bir yerdə qurulub. Burada və ətraf kəndlərdə, eləcə də gələcəkdə rayon mərkəzi olacaq Astarxanbazarda, Prişib adlanacaq Göytəpədə və digər münbit torpağı, su ehtiyatı bol olan yerlərdə də malakanlar – ruslar məskunlaşıbmış. Sabirabad kəndi necə qurulub Özlərini bu yerlərin sahibi kimi aparanlar Yekaterinanın dövründə Rusiyadan sürgün olunmuşlar idi. Malakanlar o dövrün rus hakimiyyətinə söykənərək yerli müsəlman əhalisi ilə müqayisədə demək olar ki, çox rahat yaşayıblar. Qarazəncir kəndində də eləcə. Bu kəndin malakan-rus icmasının başçısı, feodal Andrey Anikiyev olub. Hacı Ağabala adlı yerli tacir qızıl pula onun ərazisindən xeyli torpaq sahəsi alır. İndiki Sabirabad kəndi belə qurulur. 1924-cü ildə inqilabçı Dünyamalı Məmmədov partiyanın göstərişi ilə kolxoz qurmaq üçün bura göndərilir. Salyan uyezdinin Xol-təklə kəndində yaşayan Dünyamalının ailəsi, əmisi uşaqları və digərləri də bura köçür. Kənd sakini Həmidulla Əsgərov deyir ki, o vaxtlar həmin ərazidə güclü quraqlıq olur. Təkləlilər qonşu Biləsuvarın bəzi kəndlərinə, Cəlilabadın Günəşli və digər kəndlərinə köçməli olur. Lakin sonradan həmin kəndə yenidən su gəlsə də, əhali geri qayıtmır. Beləliklə, kənd böyüməkdə davam edir. Ətrafda yerləşən Tikallı (bu kənd yerli əhalinin dialektində Dikalovka, Tikalovka, Çkalovka kimi də tanınır), İsmayılkənd və digər kəndlərdə Qarayarçayın kənarında yerləşən Sabirabad kəndinə köçürülür və "Zəhmət" kolxozu yaradılır. Andrey Anikiyevin mühacirəti Həmidulla Əsgərov: - Kəndin abadlaşmasında, böyüməsində Dünyamalı Məmmədovun rolu əvəzsizdir. Kənddə məscid tikilmişdi. Rəhmətlik Məşədi Həsəngilin yurduna qədər alınan torpaqda tikilən evlərin sayı durmadan artdı. Kənddə 3 kəhriz vardı. Su dağ kəndlərindən təxminən 70-80 kilometrlik məsafədən saxsı borularla çəkilmişdi və 70-ci illərin ortalarına qədər o quyulardan istifadə olunardı. Kəndin bünövrəsi əzəl gündən halallıqla qoyulmuşdu. Yaşlı adamlar son illərə qədər deyirdi ki, kəndin bəri başının pulu ödənilməyib, Sovetlər zamanı əhaliyə paylanıb və yurd salınıb. Halallıq olmayan hissədə məscidin tikilməsinə razılıq verilməyib. Andrey Anikiyev və onun malakanları ilə yerli müsəlmanların arasında tez-tez qarşıdurma yaranır, atışmalar olurmuş. Varlı malakanlar da yerli müsəlman ağa və bəylərlə birgə kolxozun yaradılmasına mane olmaq istəyirlər. Lakin bu kolxoz qurulur. Səsi-sorağı nəinki Azərbaycana, hətta keçmiş SSRİ-nin də hüdudlarına yayılmış olur. Dünayamalı Məmmədov qabaqcıl təsərrüfat başçısı kimi müharibədən sonrakı illərdə Bolqarısatana dəvət olunur və orada kolxozun qurulmasında təcrübəsindən istifadə olunur. Bu, çox sonralar olacaq. O ki qaldı Andrey Anikiyevə, o, Sovetlər Birliyində yaşamır, hansısa qərb ölkəsinə mühacirət edir. Sözsüz ki, bütün var-dövlətini aparır. Lakin Qarazəncir kəndi 70 il onun adını daşıyır. Andreyevka adlanan bu kənd sovetlik olur. Qonşu Sabirabad, Kaçovka və Ocaqlı kəndləri bu sovetliyin tərkibində idi. Kolxoz böyüyür "Zəhmət" kolxozu çox keçmir ki, tanınır. Kənddə ilk olaraq məktəb, ikimərtəbəli xəstəxana, uşaq bağçası, fəhlə-kəndli yeməkxanası, klub tikilir. Uşaqlar qonşu kəndlərdən məktəbdə oxumağa gəlir, xəstəxanada isə nəinki ətraf kəndlər, qonşu Biləsuvar və Masallıdan da gəlib müalicə olunurlar. Bunlar Astarxanbazarda - indiki Cəlilabadda və qonşu rayonlarda ən müasir binalar və tikililər idi. Dünyamalı Məmmədovun qazandığı nailiyyətlər onun bədxahlarının da çoxalmasına səbəb olurdu. Qarşıda isə Böyük Vətən müharibəsi vardı. Və kənd zəhmətkeşləri bu sınaqdan da üzü ağ çıxır. Həm ön cəbhədə vuruşan oğulları, həm də arxa cəbhədə ərlərinin, qardaşlarının, atalarının yoxluğunu sezdirməyən kənd qadın və qızları yorulmaq bilmir. Gecəni gündüzə qatır, "bir nəfər hamı üçün" devizi o dövrün ən məşhur şüarı olur. O, yaxşı adam idi Dünyamalını şəxsən tanıyanlar çox sonralar belə deyəcəkdi. Təəssübkeş və yenilikçi idi. İstəyirdi ki, hər şeyin yenisi onun kəndində olsun. Kolxozçuların mədəni istirahəti üçün pambıq tarlalarında xüsusi yerlər hazırlanardı. Dövrünün ən məşhur xanəndələri sahələrdə kolxozçular üçün konsertlər verərdi. Oğurluq halları baş verməzdi. Kolxozun əmlakına hər kəs özünün əmlakı kimi baxardı. Bütün bunlardan sonra gözügötürməyənlər ondan yuxarılara şikayətlər yazır, onu kolxozçulara qarşı amansız olmaqda ittiham edirlər. Lakin faktlar bunun tamam əksini deyir. Müharibədən sonra Müharibə başa çatdıqdan sonra ölkəyə daha çox taxıl lazım idi. Müharibənin yararsız hala saldığı respublikalarda hələ həyat öz axarına düşməmişdi. Rusiyanın və digər respublikaların çörəklə təmin olunması işində ərazisində müharibə olmayan respublikalar fəal olmalıydı. Bu, partiyanın tapşırığı idi. Zəhmət kolxozu zəhmətə qatılaraq yüksək göstəricilər əldə edir. Bu nailiyyətlər və bu nailiyyətlərdən də əlavə olaraq bədxahların yuxarılara etdiyi şikayət öz işini görməkdə idi. Mircəfər Bağırov kəndə gəlir Azərbaycan Kommunist partiyasının birinci katibi Mircəfər Bağırov kəndə iki dəfə gəlir. Onun birinci gəlişi 1946-cı ilin sentyabr ayına təsadüf edir. Bölgədə ən yaxşı məktəb olan kənd məktəbinə də baş çəkir. Məktəbin həyətindəki bağçada qızılgüllərin arasında onun oğlu, Böyük Vətən müharibəsində həlak olmuş təyyarəçi Vladimir Bağırovun heykəli ucaldılmışdı. Bağırov heykəlin qarşısında dayanır, bir qədər fikrə gedir. Heykələ - oğluna təzim edir, baş əyir və dərhal da geri dönür. Ciddi şəkildə üzünü kolxoz sədri Dünyamalı Məmmədova tutaraq: - Tovariş Mamedov, ubrat etoqo otsuda. Eşitdin, Dünyamalı, o nə qəhrəmanlıq edib axı, ona heykəl qoymusan? - deyir. Sonra da özünün iştirakı ilə iki kolxoz kəli gətizdirib heykəli uçurtdurur. Bağırov "oğlu"nu sürütdürür Bağırovun oğlunun heykəlini sürüyüb kəndin Xamrava deyilən ərazisindən axan Xamravaçayın sahilinə gətirirlər. Orada basdırırlar. Heykəlin basdırılmasında çox az adam iştirak edir. Qəti tapşırıq belə olur ki, "qəbrin" yeri heç kəsə məlum olmamalıdır. Elə də olur. Sonralar kənd əhalisi çox axtarsa da, bu heykəl–meyiti tapa bilmir. Dünyamalı Məmmədovun nəvəsi, Qarabağ müharibəsi veteranı Zaur Məmmədov deyir ki, qəbrin yerini bilənlər çoxdan dünyasını dəyişib. Ona görə də axtarışlar bəhrəsini verməyib. Amma belə söz-söhbət də gəzir ki, elə Bağırovun göstərişi ilə meyit-qəbir oradan çıxarılaraq Bakıya aparılıbmış. Hər halda bu bir müəmma idi. Bağırov kolxozun işindən, kənddəki tikililərdən razı qalsa da, Dünyamalıya tərəf eynəyinin üstündən baxaraq: - Tak nelzya, tı sebya mnoqo ne beri! - deyir. Bu, kolxoz sədrinə xəbərdarlıq idi. Yəni uğurlardan özünü itirmə. Eləcə, kəndə xəbərsiz gələn Mircəfər Bağırovun gedişindən sonra kolxozda daha çox canlanma olur. Məhsuldarlıq artır və kolxoz respublikada nümunə göstərilən kolxoz kimi tanınır... Həmidulla müəllim həmin olaya münasibət bildirərkən isə belə deyir: - Cahangirin – Vladimirin heykəli həmin ərəfədə uçurulmayıb. Bağırov oğlunun heykəlinin qarşısında çox mütəəssir olur. Hətta kövrəlir də. Mən 1948-ci ildə məktəbə gedirdim, şagird idim. O heykəl isə dururdu. Heykəlin nə vaxt və hansı şəkildə uçurulmasından çox adam xəbərsiz oldu. Xamravada basdırılan heykəllər isə Stalinin və Bağırovun heykəlləri idi. 1956-cı ildə Şəxsiyyətə pərəstişin ifşası zamanı uçurulmuşdu. Stalinin heykəli ayaq üstə, Bağırovun heykəli isə oturmuş halda üz-üzə qoyulmuşdu. Stalinin heykəlinin qalıqları son vaxtlara qədər dururdu. Davamında oxuyacaqsınız: Mircəfər Bağırov kəndə ikinci dəfə neçənci ildə və niyə gəlib? Məktəbin həyətindəki tut ağacının doğranmasında məqsəd nə idi? Hansı ildə "Zəhmət" kolxozu SSRİ də birinci kolxoz olur və neçə nəfər kolxozçu Sosialist Əməyi Qəhrəmanı adına layiq görülür... SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri Kliment Yefimoviç Voroşilov şərqin yazılmamış qanuna necə hörmət etdi?
2014-01-14
6,421
Canavarların etirafı...
Xaçmaz rayonu Qımılqışlaq kəndindəki meşədə minə yaxın at və eşşəyin ayaqları və başı tapılıb. Bu at və eşşək qətliamının səbəbkarını axtarandasa qəribə bir qatillə üz-üzə qaldıq... Canavalarla... Təsəvvür edin, səliqəli kəsilmiş at və eşşəklərin birinin çəsədi ortada yoxdur. Bunu öyrənər-öyrənməz şəxsən mən milli canavarlarımızın bu şəkildə qəssablıq işini baçardığına bir "bərakallah" dedim. Sən demə, Azərbaycanda canavarlar da inkişaf edirlərmiş, onlar daha vəhşi kimi şikarlarını didib parçalamırlarmış: səliqə ilə əllərinə bıçaq alır, başını-ayağını kəsir, - orasını öyrənə bilmədik ki, başını kəsəndə canavarlar "bismillah" deyirlər, ya yox, - hələ üstəlik kəsdikləri yerdə də yemir, daha təmiz yerə aparır, orda süfrə salıb yeyirlərmiş... Bir müddət sonra elə həmin meşədə canavarların o at və eşşəkləri kabab, yox, dönər edib yediyi ilə bağlı açıqlamanın şahidi olsaz, çaşmayın. Nə bilmək olar; niyə də canavarların ürəyinə at, eşşək dönəri düşməsin? Həmişə çiy yeyəsi deyillər ki! Elə həmişə biz yeməyəcəyik ki, at, eşşək ətindən hazırlanmış yeməkləri, kolbasaları, dönərləri, qoy bir dəfə də onlar dadına baxsınlar. Adı çəkilən kəndin sahə müvəkkili də bunu təsdiq edir. Adam deyir ki, o özü gözləri ilə buralarda 20-dən çox canavarın dolaşdığını görüb. İndi nə edək, qalxıb o boyda sahə müvəkkilinin sözlərinə inanmayaq və düşünək ki, bu at və eşşəkləri Bakının dönərxanaları və restoranları, kolbasa sexləri ilə əlbir olan dəstə kəsib, bu yazıq heyvanların da kütləvi qırğınına səbəbkar onlardır?! Yox, biz sahə müvəkkilinin sözünə çox mötəbər yanaşırıq və hətta belə bir şey ağlımızın ucundan keçmək istəyəndə "əstafurullah" deyib, dilimizi dişləyirik. Amma təbii ki , yazıq heyvanların insafsızcasına kəsilin başı və ayaqlarının da atılmasına dözmək ağır dərdir. Ondan da ağır dərd bizə yedirdilən dönər və kolbasaların hardan və necə gəldiyini düşünüb, heç nə olmamış kimi yaşaya bilməkdir. Yox, kimsə düşünməsin ki, sahə müvəkkilinin sözünə kölgə salmaq istəyirik. Amma bizi də başa düşün, hər nə qədər düşünməməyə çalışsaq da, rəhmətlik Axundovun məşhur əsərindəki meymun kimi nə ediriksə, at və eşşəklər elə hey yadımıza düşür. İş burasındadır ki, Xaçmaz Rayon Polis Şöbəsi də faktla bağlı çinayət işi qaldırmayıb. Çünki fakt üzrə çinayət işi qaldırmaq üçün şikayət ərizəsi olmalıdır. Ki, belə bir ərizə də orada yoxdur. Deməli, oturub gözləmək lazımdır canavarların insafa gələcəyi günü... Təsəvvür edin ki, illər keçir, canavarların vicdanları onları rahat buraxmır və özləri gəlib belə bir çinayəti etdiklərini etiraf edirlər. Əməlli-başlı, hind filmlərində olduğu kimi əsl melodrama yaranar... Eh, biz də nə qoyub, nə axtarırıq? Axı yazıq polisin də işi çətindir! Canavara necə çinayət işi qaldırsın? Bunun əvəzinə rayonda bir törən təşkil etmək lazımdır ki, artıq Xaçmazın canavarları mədəni və səliqəli olublar və digər rayonların qurdlarına nümunəvi olacaq səviyyəyə sahibdirlər. Bu fürsəti əldən vermək olmaz. Amma bir məsələ də var... Maraqlıdır, axı bu at və eşşəklərin başını o canavarlar niyə gətirib Bakının xaşxanalarına verib, ondan da yaxşı pul qazanmayıblar? Ya da at-eşşəyi onurğa sümüyünə qədər yeyən canavarlar nə əcəb onların baş-ayağından meşənin ortasında xaş bişirməyiblər? Məncə, burda bir məsələni də xüsusi vurğulamaq gərəkdir: min baş at-eşşək itə, balaca bir Xaçmaz rayonundan şikayət-filan olmaya polisə ki, baxın, mal-qaramızı canavarlar qırır? Mümkün deyil. Belə görünür ki, bu canavarlar bizim düşündüyümüzdən də mədənidirlər. Yəni, yerli sakinlərlə razılaşıblar ki, sizin at-eşşəyinizi yeyəcəyik, amma siz bizdən şikayət etməyin! Hələ axtarsaq, məlum olacaq ki, sahə müvəkkilinin pirin yanında gördüyü o 20 canavar çarvadardır: camaatdan topdan alırlar at-eşşəyi, gətirib topdan da Xaçmaz meşəsində kəsib, o canavar qardaşlarına paylayırlar. Yoxsa, min baş at-eşşək itə, xaçmazlılar gileylənməyə - mümkün deyil axı! Fotolardan da görünür ki, baş-ayaqların qanı təzə-tərdir: yəni heç də illərin canavar hücumlarının nəticəsi deyil.
2014-01-14
6,423
Türkmənistan prezidentinə “Şeyxülislam” ordeni verildi
Aşqabatda səfərdə olan QMİ-nin sədri Şeyxilislam Hacı Allahşükür Paşazadə yanvarın 14-də Türkmənistan Respublikasının Prezidenti tərəfindən qəbul olunub. "Axar.az" Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytına istinadən xəbər verir ki, səmimi qardaşlıq şəraitində keçən görüş zamanı Şeyxülislam A.Paşazadə Türkmənistan prezidenti Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova Qafqaz Müsəlmanları İdarəsinin "Şeyxulislam ordenini" təqdim edib.
2014-01-14
6,424
Ombudsman AŞPA üzvləri ilə görüşdü
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvləri, Milica Markoviçi və Sevda Valijevciçi qəbul edib. "Axar.az" APA-ya istinadən xəbər verir ki, tanışlıq məqsədi daşıyan görüşdə müvəkkil Azərbaycanın bu nüfuzlu beynəlxalq quruma bərabərhüquqlu üzv olduğunu, təsisatın Avropa Birliyinin Şərq Tərəfdaşlığı, Tvinninq və TAİEX layihələri çərçivəsində fəal iştirak etdiyini bildirib. Müvəkkilin Ombudsman haqqında Konstitusiya Qanunu çərçivəsində fəaliyyəti diqqətə çatdırılıb. M. Markoviç təmsil etdiyi ölkədə-Bosniya Herseqovinada Ombudsman təsisatının insan hüquqlarının müdafiəsi və təmini sahəsində fəaliyyət göstərdiyini diqqətə çatdırıb, Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində çoxşaxəli fəaliyyətini yüksək dəyərləndirib.
2014-01-14
6,425
Tailand müxalifəti Baş naziri girov götürməklə hədələyir
Banqkokda hökumət əleydarları Tailandın Baş naziri Yinqlak Çinavatı girov götürməklə və bütün hökumət qurumlarını bağlayacaqları ilə hədələyiblər. Müxalifət lideri Suthep Thauqsuban Baş naziri və nazirləri girov götürəcəyinə dair söz verib: "Bunun baş verməməsi üçün nazirlər istefa verməlidirlər". Qeyd edək ki, Tailand müxalifəti dünəndən etibarən hökumət əleyhinə genişmiqyaslı etiraz aksiyalarına başlayıb. Məqsəd dövlət qurumlarının fəaliyyətini dayandırmaq, nəqliyyatın hərəkətini iflic etməkdir. (Trend)
2014-01-14
6,426
"Qızıl qlobus" mükafatının sahibləri bəlli oldu
Oskarın xəbərçisi olaraq qəbul edilən "Qızıl qlobus" film və televiziya mükafatları Los Ancelesdə keçirilən mərasimdə öz sahiblərinə təqdim edilib. Mükafata bir neçə kino və ən yaxşı qadın aktrisa və aktyorlar layiq görülüb. Həmin siyahını təqdim edirik: Ən yaxşı dramatik film - 12 ilin qulu (12 Years a Slave) Ən yaxşı aktrisa - Keyt Eliza Blanşett Ən yaxşı aktyor - Metyu Makonahi Ən yaxşı musiqili komediya - Amerikan İtələməsi Ən yaxşı musiqili komediya aktrisası - Emi Lu Adams Ən yaxşı musiqili komediya aktyoru - Leonardo Di Kaprio Ən yaxşı animasiya - Frozen Ən yaxşı xarici film - Böyük Gözəllik (The Great Beauty) Ən yaxşı köməkçi aktrisa - Cennifer Lourens Ən yaxşı köməkçi aktyor - Kared Leto Ən yaxşı rejissor - ALfanso Kuarona Ən yaxşı ssenari - Spayk Con (Her) Ən yaxşı musiqi - Aleks Eber (All is Lost) Ən yaxşı mahnı - Ordinary Love Ən yaxşı silsilə serial - Breaking Bad Ən yaxşı silsilə serial aktrisası - Robin Vraykt Ən yaxşı sisilə serial aktyoru - Krenston Brayan Ən yaxşı silsilə serial - Brooklyn Nine-Nine Ən yaxşı aktrisa - Poler Emi Ən yaxşı aktyor - Endi Zemberq Ən yaxşı qısa film - Benind the Candelabra Ən yaxşı qısa film aktrisası - Elizabez Muz Ən yaxşı qısa film aktyoru - Maykl Duqlas Ən yaxşı köməkçi aktyor və aktrisa adına isə Jalkin Bisset və Con Voyt layiq görülüb. Qeyd edək ki, heç vaxt Oskar mükafatı almayan Leonardo Di Kaprio aldığı "Qızıl qlobus" mükafatından sonra Oskar ala biləcəyi haqqında şayiələr yayılıb.
2014-01-14
6,427
ABŞ-da girov götürən şəxs belə zərərsizləşdirildi - Video
ABŞ-ın Kolorado əyalətinin Denver şəhərində bir gənc ərzaq mağazasında yaşlı bir qadını girov götürüb. "Axar.az" türk mediasına istinadən xəbər verir ki, polis 1 saat ərzində gənci qadını buraxmaq üçün razı salmağa çalışsa da bu istəyinə nail ola bilməyib. Nəticədə polis gənci silahla vurmaq məcburiyyətində qalıb. Ağır yaralanan gənc xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. Gəncin polis tərəfindən vurulma anını təqdim edirik:
2014-01-14
6,428
Siyasətçinin evindən zindan tapıldı
Pakistandakı "Cəmiyyəti Ülemayi İslam" Partiyasına mənsub olan Əbdül Rəhim Ketranın evində polis axtarış aparıb. Axtarış zamanı evin zirzəmisində zindan aşkarlanıb. Orada 5 nəfər saxlanıldığı məlum olub. "Axar az" xarici mətbuata istinadən məlumat verir ki, Əbdül Rəhman Ketranın Belucistan vilayətindəki villasında axtarış aparılmasının səbəbi siyasətçinin avtomobilini polis saxlayarkən onun cangüdənlərinin polisə atəş açmaları olub. Malikanədə bir yük maşını dolusu silah və sursat da aşkarlanıb. Ketran həbs olunub.
2014-01-14
6,429
Misirdə konstitusiya referendumu qanla bitdi
Misirdə yeni konstitusiya ilə bağlı keçirilən referenduma qarşı çıxan insanlar etiraz aksiyası keçirib. "Axar.az"ın xarici mətbuata istinadən xəbərinə görə, səhər saatlarında başlayan etiraz aksiyasına polis müdaxilə edib. Nümayişçilərlə polis arasında yaranan qarşıdurma nəticəsində 8 nəfər ölüb, 21-i yaralanıb. Misirdə səhər saatlarında konstitusiyaya keçirilən referenduma qarşı çıxan müxalif qurumlar ölkə ərazisində boykot nümayişi keçirilməsi üçün çağırış etdilər. Bundan sonra Qahirə və İsgəndəriyyə şəhəri başda olmaqla bir neçə şəhərdə nümayişlər başlayıb.
2014-01-14
6,430
Qobustanda yanğın: yarım ton taxıl yandı
Qobustan rayonunda vətəndaşa məxsus tikilidə yanğın hadisəsi baş verib. "Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Qobustan rayonu, Poladlı kəndində ümumi sahəsi 214 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 54 kv.m sahədə, içərisinə yığılmış 2.5 ton ot bağlamasının 1.5 tonu və 0.5 ton taxıl yanıb. Köməkçi tikilinin qalan hissəsi və içərisindəki ot bağlaması yanğından mühafizə olunub. Yanğın saat 16:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
2014-01-14
6,431
İran ilə "5+1" ölkәlәri arasında gizli razılaşma
İran ilə "5+1" ölkələri arasında əldə edilən razılaşmanın bir qismi mətbuata açıqlanmayıb. "Axar.az"ın İRNA-ya istinadən xəbərinə görə, İranın Xarici işlər nazirinin müavini Abbas Araqçı "5+1" ölkələri ilə imzalanan müqavilədə 30 səhifəlik önəmli razılaşmanın olduğunu və bunun gizli əhəmiyyət daşıdığını bildirib. Əldə edilən məlumata görə, razılaşmanın daha da inkişafı üçün ortaq komissiya yaradılması və İranın bir neçə ay içərsində nüvə proqramını hansı şəkildə inkişaf etdirəcəyi ilə bağlı maddələr yer alır.